Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılacaq.
Bununla bağlı bu gün, yanvarın 12-də Azərbaycan prezidenti fərman imzalayıb.
Fərmanda bu, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə izah edilir.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
Prezidentin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov da Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
Bundan əvvəlki Fond isə Kütləvi İnformasiya Vasitələrinə maddi dəstək göstəriridi. Habelə, onun iştirakı ilə jurnalistlər üçün binalar tikilib təhvil verilmişdi.
Buna da bax: Qarabağ Dirçəliş Fondu yaradıldı
Ötən il Baş Prokurorluq bildirmişdi ki, bu fondla bağlı Hesablama Palatasından daxil olmuş material baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Açıqlamaya görə, araşdırma zamanı dövlət satınalmaları haqqında qanunvericiliyinin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti qaydalarının pozulması və yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib:
"...Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb ".
Fond 2009-cu ildə yaradılmışdı. Ötən ilin aprelində fondun rəhbərliyində dəyişiklik edilmişdi.
Həmin ittihamlara, hələlik fondun keçmiş rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Jurnalistlərə birinci bina 2013-də (156 mənzil), ikinci bina isə 2017-ci ildə (255 mənzil) paylanıb.
Bəzi müstəqil media ekspertləri həmin vaxt deyirdilər ki, Azərbaycanda hazırda dövlətin bəzi jurnalistlərə mənzil paylaması onları hakimiyyət qarşısında gözükölgəli edir. Hərçənd, mənzil alan jurnalistlər belə fikirlərlə razı deyillər.