Medvedev Ukraynanı 'qisas zərbələri' ilə hədələyir

D. Medvedev, arxiv foto

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə dolayı yolla Ukraynanı nüvə zərbəsi ilə hədələyib. O deyib ki, Ukrayna Krıma və ya “Rusiyanın dərinliklərinə doğru” zərbə endirsə, “Rusiyanın cavabı hər şey ola bilər”.

"Biz özümüzə heç bir məhdudiyyət qoymuruq və təhdidlərin xarakterindən asılı olaraq, bütün növ silahlardan istifadə etməyə hazırıq..." Medvedev bildirib.

Buna da bax: Almaniyanlı müstəntiqlər Ukraynada törədilən müharibə cinayətlərini məhkəməyə çıxarır

O, Krımda Rusiya obyektlərinə mümkün zərbələrin danışıqların başlamasına deyil, “qisas zərbələrinə” səbəb olacağı fikrini də ifadə edib:

“Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna alovlanacaq”-Rusiya rəsmisi əlavə edib.

Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixailo Podolyak tvitter hesabında bu hədələrə münasibət bildirib. O qeyd edib ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini, o cümlədən Krımı “istənilən vasitələrdən istifadə etməklə” azad edə bilər.

"Ona görə də Rusiya rəsmilərinin "cavab zərbələri" ilə bağlı hədələri yalnız qırğınlar törətmək niyyətinin təsbitidir və Rusiya Federasiyasının ənənəvi üslubunda qorxutmaq cəhdidir."

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukraynaya Krımı vura bilən yeni silah verilə bilər

Ukrayna mənbələrinin verdiyi məlumata görə, bazar günü, fevralın 5-də Xarkov şəhərinə yenidən raket atılıb. Raketin şəhərin mərkəzindəki yaşayış binasına və dağıdılmış universitet binasına düşdüyü bildirilir. Bir neçə nəfərin yaralanıb. Xarkov vilayət prokurorluğunun məlumatına görə, söhbət Belqorod vilayətindən atılan S-300 raketindən gedir.

Ukrayna prezidenti Volodomir Zelenski fevralın 4-də Rusiyanın döyüşə getdikcə daha çox qüvvə atdığı və ölkənin şərq bölgələrində cəbhə xəttində vəziyyətin getdikcə ağırlaşdığı barədə xəbərdarlıq edib.

"İşğalçı bizim müdafiəmizi dağıdmaq üçün getdikcə daha çox qüvvələrini atır" deyən Zelenski gecə saatlarındakı videomüraciətində Baxmut, Vuhledar, Lyman və digər ərazilərdə vəziyyətin "çox çətin" olduğunu bildirib.

Ukraynada müharibə başlayandan bəri Medvedev dəfələrlə Rusiyanın nüvə silahından istifadə edə biləcəyini bəyan edərək təkcə Kiyevi deyil, Qərb dövlətlərini də hədələyib.

Fevralın 2-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələrinin Ukraynaya zirehli texnika tədarükü Rusiya üçün təhlükə yaradarsa, Moskva cavab tədbirləri görəcək...”.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Onlarla yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, onminlərlə ukraynalı yaşayış yerlərini və ölkəni tərk etmək məcburiyyətində qalıb. Müharibə hələ də davam edir.

Moskva qonşu ölkəyə hücumu müharibə deyil, xüsusi hərbi əməliyyat adlandırır. Bunun əksini deyənlər və müharibəyə etiraz edənlər isə ölkə qanunlarına görə cəzalandırılır.