Pandemiya dövründə Azərbaycanda 624 məhkum azad olunub

Azərbaycanlı fəal azadlığa çıxıb, arxiv foto

Mayın 23-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə Nazirliyin penitensiar, tibb xidmətlərinin rəhbərliyi və cəzaçəkmə müəssisələrinin rəisləri iştirak edib.

Tədbirdə qeyd edilib ki, məhkumları vaxtından əvvəl şərti azadetmə institutu pandemiya dövründə (koronavirus pandemiyası) geniş tətbiq olunaraq 624 məhkum azadlığa buraxılıb. Habelə 310 həbs edilmiş şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyi qeyd olunub.
Azərbaycanın cəzaçəkmə müəssisələrində 46 məhkumda koronavirus aşkarlandığı rəsmən açıqlanıb. Ümumilikdə isə hazırkı dövrədək ölkədə 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 49 nəfər vəfat edib.
Bir sıra ölkələr pandemiya dövründə cəmiyyət üçün xüsusi təhlükəli sayılmayan məhbusları vaxtından əvvəl azad ediblər. Bəzi yerli hüquq müdafiəçiləri də deyirlər ki, məhbusların sayına görə, Azərbaycan Avropada öncül ölkələrdən biridir.Onlar məhbus sıxlığını pandemya dövründə təhlükəli sayırlar və daha çox məhkumun azadlığa buraxılmasını istəyirlər.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 347 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 340 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.