Rejissor həbs və şallaqdan qurtulmaq üçün İranı gizli tərk edib

Məhəmməd Rəsulof

İranlı kinorejissor Məhəmməd Rəsulof bu ölkəni gizli şəkildə tərk etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərara səbəb onun məhkəmə hökmü ilə bağlı aldığı bildiriş olub. Ölkənin təhlükəsizliyinə xələl gətirdiyinə görə məhkəmə onu şallaq və 8 il həbs cəzasına məhkum edib.

"Milli təhlükəsizliyə qarşı sui-qəsd"də ittiham olunan Rəsulof bir neçə gün əvvəl İrandan Avropaya getdiyini bildirib.

Rejissorun bəyanatını onun bu yaxınlarda çəkilmiş "Müqəddəs əncirin toxumu" kinodramını yayımlayan "Films Boutique" və "Parallel45" şirkətləri dərc edib.

İran hakimiyyətinin filmin dünən, mayın 14-də Fransada açılan Kann Film Festivalından çıxarılması üçün rejissora təzyiq göstərdiyi bildirilirdi.

M.Rəsulof deyib ki, ayrılmaq qərarına gələrkən çox düşünməli olmayıb. "Həbsxana və mühacirət arasında seçim etməli oldum. Ürək ağrısı ilə könüllü sürgünü seçdim", - o deyib.