Məhərrəm ayı başlayır

Bakıda "Aşura"

Bu gün, avqustun 10-da Azərbaycanda Məhərrəm ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqustun 10-na düşür.

Qurumdan bildirilir ki, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqustun 19-na təsadüf edəcək

QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edib. Müraciətdə qeyd olunub ki, Məhərrəmlik bu il də (2020-ci il də belə olmuşdu) dünyada davam edən koronavirus ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək: "Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur...".

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tövsiyə edir ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin, mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Koronavirus pandemiyasına qədər hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində orada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yasını saxlayıblar. Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir ("Aşura" ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir. Qətliam da Məhərrəm ayının 10-da baş verdiyindən "Aşura" adı verilib. Eyni zamanda, İmam Hüseyn və tərəfdarlarının hər il 40 mərasimləri də keçirilir).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.