Bu gün, avqustun 19-da Azərbaycanda Aşura günüdür.
Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Aşura günü isə avqustun 19-na təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) müraciətində bildirilir ki, Məhərrəmlik bu il də dünyada davam edən koronavirus ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçirilir: "...Sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxmanın artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edir ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin, mərasimlərinin karantin qaydalarına uyğun keçirilməsi vacibdir".
QMİ mərasimlərdə bədənə zəncir vurmağı və başqa oxşar halları da düzgün saymır.
Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimdir.
Xatırlatma
Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.
Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1443-cu ildir) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.
Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir ("Aşura" ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir). Hüseyn və onun tərəfdarları Məhərrəm ayının məhz 10-da qətlə yetiriliblər.
İslamda Məhərrəm ayında müharibə günah sayılır.