Bu gün, iyulun 1-də "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının təşkilatçılığı ilə Bakıda Məhkəmə-Hüquq Şurasının binası qarşısında "açıq və ədalətlə məhkəmə" tələbi ilə aksiya keçirilib.
Hüquq müdafiəçilərinə bəzi jurnalistlər, siyasi partiyaların fəalları və ayrı-ayrı məhbus yaxınları da qoşulub.
Aksiya iştirakçıları bildirib ki, son zamanlar jurnalistlərin, hüquq müdafiəçilərinin məhkəmə proseslərinə buraxılması bir qədər də çətinləşib. Xüsusilə də apelyasiya məhkəmələri və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən şikayətlər dilə gətirilib. Hüquq müdafiəçiləri vurğulayıblar ki, artıq rayon məhkəmələri də məhdudiyyətləri artırmaqdadır.
Aksiya iştirakçıları deyiblər ki, Azərbaycanda ədalət, qanun qarşısında bərabərlik yoxdur, hakimiyyət qolları arasındakı balans pozulub, məhkəmə və qanunverici hakimiyyət ali icra hakimiyyətinin əlavəsinə çevrilib.
Aksiyada "Məhkəməyə jurnalistlər buraxılsın" yazılmış plakat qaldırılıb. "Hakimlər Konstitusiyasını qoyurlar kənara və Prezident Administrasiyasından gələn tapşırığı yerinə yetirirlər", - deyə habelə vurğulanıb.
Aksiya iştirakçılarının sözlərinə görə, açıq məhkəmə proseslərinə jurnalistlərin buraxılmaması Avropa Konvensiyasına ziddir və Məhkəmə-Hüquq Şurası bu məsələdə birbaşa məsuliyyət daşıyır. Onlar "Ədalətli, şəffaf, açıq məhkəmə" şüarı səsləndiriblər.
Aksiyanın sonunda bəyanat oxunub.
Piket insidentsiz başa çatıb. Orada səslənən fikirlərə, hələlik, Məhkəmə-Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.
Rəsmilər son illər, bir qayda olaraq, deyirlər ki, ölkədə məhkəmə-hüquq sahəsində islahatlar aparılır.