Avropaİnsan Hüquqları Məhkəməsi (AİHM)14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovun daha bir şikayətini icraata qəbul edib.
Bu haqda AzadlıqRadiosu-na bloqqerin həmin iş üzrə təmsilçisi, vəkil Zübeydə Sadıqova məlumat verib.
Vəkilin bildirdiyinə görə, sözügedən şikayət həbs olunmazdan əvvəl bloqqerin ölkədən çıxışına 3 ildən artıq yasaq qoyulmasından verilib. Həmin işdə yerli məhkəmələrin M.Hüseynovun şikayətlərini qanuni araşdırmadığı iddia olunur.
“Həbsindən bir neçə il əvvəl heç bir qanuni əsas olmadan M.Hüseynovun ölkədən çıxışına “stop” qoyulub. “Stop”un qaldırılması üçün ölkə daxilində bütün hüquqi vasitələrdən istifadə etmişdik. Ancaq yerli məhkəmələr bu qanunsuz qadağanın ləğv olunması ilə bağlı qərar vermədi”, – vəkil bildirib.
Buna da bax: Mehman Hüseynovun işi apellyasiyaya qaytarıldı
Müdafiə tərəfinin qənaətincə, bloqqerin ölkədən çıxışına qadağa qoyulması onun tənqidçi məzmunlu peşə fəaliyyəti ilə bağlı olub.
Vəkillərinin AİHM-ə göndərdikləri şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr M.Hüseynova münasibətdə Avropa Konvensiyasının 4 saylı protokolunun 3-ci maddəsini (Hərəkət etmək azadlığı hüququ) pozublar.
Bundan başqa, şikayətdə bildirilir ki, ölkə daxilində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci maddəsinin ( məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verilib. Məhkəmədən qeyd olunan hüquqların pozuntusunun tanınması, buna görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.
AİHM şikayətin icraata qəbul edilməsi ilə bağlı vəkillərə məktub göndərib.
Bu, Mehman Hüseynovun Avropa İnsan HüqualarıMəhkəməsində icraata qəbul edilən sayca üçüncü şikayətidir. Bloqqerin həbsindən öncə inzibati qaydada cərimə edilməsi və işgəncə ilə üzləşməsi iddiası ilə bağlı şikayətlər artıq, Avropa İnsan Haqları Məhkəməsində icraata qəbul edilib. M.Hüseynovun sözügedən işlərlə bağlı şikayətlərini yerli və Böyük Britaniyadan olan vəkilləri hazırlayıb.
Xatırlatma
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.
Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.
Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə iki həftə əvvəl bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidənApellyasiya Məhkəməsinə qaytarıb.