Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici təşkilatların Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlarına münasibət bildirib.
O, APA-ya açıqlamasında qeyd edib ki, M.Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb.
Buna da bax-Vəkil: 'Mehman Hüseynova bəraət istəmişik'
Ə.Həsənovun deməsinə görə, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaşlar təşkilatlar və məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə edirlər: «Məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanuna uyğun qərarlar çıxarırlar. Eyni zamanda, Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsə yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir. Buna görə də, Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdləri yolverilməzdir. Hesab edirəm ki, bu məsələni bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar süni şəkildə siyasiləşdirirlər. Xatırlatmaq istərdim ki, hüquqi dövlət olan Azərbaycanda məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil».
Sizin brauzer HTML5-i dəstəkləmir
XATIRLATMA
Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.
M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.
M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.
Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Onun şikayətində M.Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dedikləri polisə böhtan kimi dəyərləndirilirdi.
Son günlər bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bəyanat verərək, M.Hüseynovun həbsini ifadə azadlığının boğulması kimi dəyərləndiriblər. Onlar Azərbaycan hakimiyyətini bloqqeri tez bir zamanda sərbəst buraxmağa səsləyiblər.