“Mən son vaxtlar fəaliyyətimi bir qədər də aktivləşdirmişdim, bəzi nazirlərin villalarını çəkmişdim. Bundan sonra təzyiqlər gücləndi. Məni izləməyə başladılar, təxribatlara cəhd elədilər...”, – həbsdə olan bloqqer Mehman Hüseynovun sözləridir.
“Facebook” sosial şəbəkəsində bir neçə yüz min izləyicisi olan “Sancaq” səhifəsinin idarəedicisi Mehman Hüseynov öz məhkəməsində yenidən ifadə verib. Bloqqerin işinə hazırda Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Buna da bax: Mehman Hüseynovu həbs etdirəni 'heç kim görməyib'
“BİLMİRDİLƏR Kİ, HARA APARSINLAR”
Noyabrın 16-da keçirilən məhkəmədə M.Hüseynov deyib ki, bundan öncə də jurnalist fəaliyyəti ilə əlaqədar dəfələrlə oğurlanıb, həbs olunub. Amma heç vaxt çıxıb, polislərin onu döyməsi, işgəncəyə məruz qalması haqda heç bir açıqlama verməyib. Onun sözlərinə görə, yanvarda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra idarədə baş verənlər haqda açıqlamasının səbəbi isə budur ki, həmin hadisələr həqiqətən baş verib. Baxmayaraq ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev onun söylədiklərini böhtan kimi qiymətləndirir.
M.Hüseynov ifadəsində bir daha yanvarda həbs olunan gün baş verənləri yada salıb:
Buna da bax: Mehman Hüseynovdan xəbər var
“Dediyim kimi, izlənilirdim, təxribatlara cəhd göstərilirdi deyə, bir neçə gün evdən çıxmadım. Qərara gəldim ki, hara getsəm, dostlarımla gedim. Hadisə günü dostlarım Samir Əsədli, Ülvi Həsənli və Məsud Əsgər gəlib məni evdən götürdülər, şəhərə getdik. Maşınla gedirdik, yol boyu bizi izləyirdilər. “Torqovı”da məni mülki geyimlilər tutdular, başıma torba keçirdilər, maşına mindirib 40 dəqiqə gəzdirdilər. Müəyyənləşdirə bilmirdilər ki, hara aparsınlar. Axırda kiminləsə danışandan sonra Nəsimi Rayon Polis İdarəsinə apardılar”.
“HƏKİM ÇAĞIRMALI OLDULAR”
Bloqqerin sözlərinə görə, idarənin içində də onu başında torba ilə gəzdiriblər, bir otaqdan başqa otağa aparıblar. İdarədə huşunu itirib yıxıldığını deyən M.Hüseynov bildirib ki, orada alçaldılmış vəziyyətdə şəkillərini çəkib, kimlərəsə göndəriblər: “Məni döymüşdülər, elə bir vəziyyətdə idim ki, həkim çağırmalı oldular”.
Buna da bax: Mehman Hüseynov: 'Fahişəxanalar bəs onun nüfuzuna xələl gətirmir?'
M.Hüseynov deyir ki, işgəncəyə məruz qalan da, həmin hadisədə şərlənib cərimələnən də odur, indi həbs olunan da: “Mən cəza çəkməyə o halda razı olaram ki, yanvarda mənim həqiqətən kiminləsə dalaşmağa görə həbs olunduğumu sübut eləsinlər, necə saxlandığımın görüntülərini ortaya qoysunlar”.
M.Hüseynovun işgəncə haqda söylədiklərinin böhtan olduğunu iddia edib, xüsusi ittiham qaydasında onu məhkəməyə verən və bloqqerin həbsinin səbəbkarı olan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov da məhkəmədə çıxış deyib. Deyib ki, Mehman işgəncə ilə əlaqədar prokurorluğa da şikayət etmişdi. Amma prokurorluq araşdırma aparıb və ona qarşı zorakılığa yol verilmədiyi qənaətinə gəlib.
Buna da bax: Avropa Məhkəməsi M.Hüseynovun daha bir şikayətini icraata götürdü
“TANIMADIĞIMIZ ADAMA GÖRƏ İKİ İL HƏBS VERİBLƏR”
“Mehman Hüseynovun apellyasiya şikayəti əsassızdır, təmin olunmamalıdır. Mehman Hüseynov yanvar ayında da ictimai yerdə qaydanı pozduğuna görə saxlanılıb və məhkəmə qərarı ilə cəzalandırılıb. Ona cərimə cəzası verilib. Amma onunla dalaşan Əkrəm Təhməzov daha ağır cəza alıb - 10 sutka inzibati həbs cəzası verilib”, – polis rəisinin nümayəndəsi bildirib.
Bloqqerin məhkəməsi noyabrın 17-də davam edəcək.
M.Hüseynovun vəkili Fuad Ağayev növbəti dəfə xüsusi ittihamçı Musa Musayevin məhkəməyə gəlməməsinə və video-görüntülərin ortaya çıxarılmamasına etiraz edib. Vəkil deyir ki, qanun təqsirləndirilən şəxsə onun əleyhinə ifadə vermiş zərərçəkmişləri, şahidləri dindirmək hüququ verir. Amma M.Hüseynov bu hüquqdan məhrum edilib:
Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'
“Polis rəisi özü məhkəməyə gəlmir. Bizim onun nümayəndəsinə sual vermək hüququmuz da yoxdur. Belə olan halda, biz neyləməliyik? Biz Musa Musayevin üzünü görməmişik – nə Mehman Hüseynov, nə də mən. Ümumiyyətlə, tanımadığımız adama görə Mehmana iki il həbs cəzası verilib, onu da məhkəməyə çağırıb dindirmək istəmirlər”.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir
XATIRLATMA
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.
Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.