Mehriban Əliyeva Romada bərpa etdirdiyi katakombaların açılışına qatılıb

Mehriban Əliyeva

İtaliyada səfərdə olan Azərbaycanın birinci vise-prezidenti Mehriban Əliyeva bu gün, sentyabrın 26-da Vatikanda görüşlər keçirib.

Rəsmi AZƏRTAC agentliyi xəbər verir ki, Mehriban Əliyeva Vatikanda Roma Papası Fransisk ilə görüşüb.

Görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanıb. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edilib.

Xəbərdə habelə qeyd edilir ki, söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Birinci vise-prezident Mehriban Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Roma Papasına çatdırıb.

Mehriban Əliyevanın daha sonra Romada Heydər Əliyev Fondunun (Mehriban Əliyeva həm də bu fondun rəhbəridir) bərpa etdiyi katakombalarda olduğu xəbər verilir.

Burada Müqəddəs Sebastian katakombalarının açılış mərasiminin keçirildiyi, Mehriban Əliyevanın da mərasimdə iştirak etdiyi bildirilir.

Birinci vise-prezidentin İtaliyaya səfərinin başa çatdığı deyilir.

Mehriban Əliyevanın dünən, sentyabrın 25-də İtaliya səfəri başlamışdı.

Xatırlatma

2016-cı ilin sentyabrında Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilib. Həmin referendumda əsas dəyişikliklərdən biri də Azərbaycanda vitse-prezidentlik institutunun təsis olunması idi.

Dəyişikliklər qəbul edildikdən az sonra, 2017-ci il fevralın 21-də dövlət başçısı İlham Əliyev öz xanımını, Heydər Əliyev Fondunun prezidenti, deputat M.Əliyevnı birinci vitse-prezident təyin edib.

Həmin vaxt bu təyinat müxalifətin tənqidləri ilə qarşılanmışdı.

Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikandakı sərdabələrin təmirini öz üzərinə götürməsi barədə iki il əvvəl “Vatikan radiosu”nun saytı məlumat yaymışdı.

Saytdakı məqalədə məşhur Müqəddəs Marçellinio və Pietro yeraltı sərdabəsindəki freskaların əvvəlki möhtəşəm görkəminə qovuşmasından danışılırdı.

“Bu qədim şedevrlərin bərpası üçün xərcləri Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb”, Vatikana aid sayt yazırdı.

Məqalədə Vatikanla Azərbaycan arasında əməkdaşlığın geniş spektri əhatə etməsindən danışan Vatikanın Mədəniyyət üzrə Ruhani Şurasının sədri kardinal Canfranko Ravazi-nin fikirlərinə yer verilmişdi.

O, deyirdi ki, bərpa ilə bağlı müştərək işlər əsasən müqəddəs Marçellinio, Pietro və Sebastian yeraltı sərdabələrində cəmləşib. Heydər Əliyev Fondunun və xüsusən onun prezidentinin fəaliyyəti Vatikan Apostol Kitabxanasını da əhatə edib. Orada saxlanılan Azərbaycan əlyazmalarının bir çoxu bərpa olunub.

Məqalədə habelə qeyd edilirdi ki, bərpa olunan yeraltı sərdabələr möhtəşəm yeraltı rəsm qalereyasıdır.

Romada uzunluğuna görə üçüncü yeri tutan bu yeraltı sərdabələrin ümumi sahəsi 18 min kvadratmetrdən çoxdur.

Heydər Əliyev Fondunun bu işləri 2012-ci ildə imzalanan sazişə uyğun olaraq maliyyələşdirdiyi, Vatikanla Azərbaycan arasında əməkdaşlığın başqa mühüm layihələr çərçivəsində davam etdiriləcəyi vurğulanırdı.

Sazişlərin maliyyə tərəfi haqda məlumat verilmirdi.