Məkkədəki qəzada Binladin şirkətinin izi

Bu şirkətin əsası 80 il bundan əvvəl əl-Qaeda liderinin atası tərəfindən qoyulub və hazırda ona Bin Ladenin qardaşı Bakr rəhbərlik edir.

Səudiyyə Ərəbistanın hakimiyyət orqanları bildirib ki, Məkkədə tikinti kranının Böyük Məsçidin üzərinə aşması üçün “Saudi Binladin Group” tikinti nəhəngi “qismən” məsuliyyət daşıyır.

Təhqiqat komissiyasının hesabatında deyilir ki, şirkət “təhlükəsizlik normalarına sayğısızlıq göstərib”.

Güclü külək və yağış zamanı aşan kran 107 nəfərin ölümünə, 400 nəfərin xəsarət almasına səbəb olub.

Xəbərlərdə deyilir ki, bu tikinti şirkətləri qrupunun sahibi əl-Qaedanın mərhum lideri Osama Bin Ladenin ailəsidir.

Şirkətin məsul işçilərinin təhqiqat başa çatanadək ölkədən çıxmaları qadağan edilib.

Bu müddət ərzində qrupla hər hansı yeni tikinti kontraktlarının imzalanması da yasaqlanıb.

Böyük qırmızı tikinti kranı Həcc ziyarətinin başlamasına iki həftə qalmış, Böyük Məsçidin izdihamlı vaxtında aşmışdı.

“Saudi Binladen Group” Böyük Məsçidin genişləndirilməsi işlərində artıq 4 ildir ki, çalışır.

Bu şirkətin əsası 80 il bundan əvvəl əl-Qaeda liderinin atası tərəfindən qoyulub və hazırda ona Bin Ladenin qardaşı Bakr rəhbərlik edir.