Meksikada narkokartelin silahlı üzvləri 800 min nəfər əhalisi olan Kulyakan şəhərini tutublar.
Onlar “El Chapo” (Bəstəboy) ləqəbli narkobaronun oğlunu polisin əlindən almağa çalışırdılar.
Joaquín “El Chapo” Guzmánın oğlu Ovidio Guzman Lopezi Milli Qvardiya həbs etmişdi.
Lakin kartelin tərəfdarları güclü müqavimət göstərmişdilər.
Meksikanın şərqindəki Kulyakan şəhərinin küçələrindəki atışma səhnələri sosial mediada geniş yayılıb.
Əslində silahlı üsyan adlandırıla biləcək bu qarşıdurmanı Meksikada əsas narkokartel sayılan Sinaloa qruplaşması yaratmışdı.
Ovidio Guzman Lopez Meksika narkobaronu Joaquín Guzmánın ehtimal edilən 12 övladından biridir.
Oktyabrın 17-də Milli Qvardiyanın əsgərləri dörd nəfərin gizləndiyi evi mühasirəyə almışdılar.
Onlardan biri də kartel başçısının oğlu idi. Lakin az sonra Milli Qvardiya əsgərlərinin özləri mühasirəyə düşmüşdülər.
Narkokartelin üzvlərinə şəhərdəki başqa cinayətkar qruplar da qoşulmuşdular. Şəhərin müxtəlif yerlərində adamlara hücumlar edilirdi.
Buna da bax: Meksikalı narkobaron ABŞ-da ömürlük həbsə məhkum edildi
Hakimiyyət orqanları bildiriblər ki, mütəşəkkil cinayətkar qruplar şəhərdə xof yaratmağa çalışırdılar.
Onlar yolları bağlayır, avtomobillərə od vururdular. Atışma nəticəsində ölənlərin olduğu xəbər verilir.
Şəhərdəki xaosa son qoyulması üçün hakimiyyət orqanları Ovidio Guzmanın qaçmasına imkan yaratmağa məcbur olublar.
Amerika polisi El Chapo-nu 2017-ci ildə narkotik maddə alverinə görə həbs edib. O bundan əvvəl bir neçə dəfə həbs olunsa da, iki dəfə Meksikanın sərt rejimli həbsxanalarından qaça bilib.
Onun evinin altından qaçmaq üçün xüsusi tunel qazılmışdı. Polis bu evdən və onun həyətindən pulemyotlar, səyyar raketatan qurğular və hətta zirehli texnika aşkar etmişdi.
Ötən yay El Chapo Amerika məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.