2021-2022-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində 1 milyon 589 min 829 şagirdin oxuyacağı proqnozlaşdırılır.
Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.
Nazirliyin bildirməsinə görə, hazırda ölkədə 309 ibtidai, 3 min 333 tam orta, 775 ümumi orta, 13 xüsusi tipli ümumi orta və 5 əyani-qiyabi (axşam) tam orta məktəb var: "O cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4 min 435 məktəb fəaliyyət göstərir".
Bir il əvvəl isə ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağının gözləndiyi açıqlanmışdı.
Rəsmi açıqlamaya görə, ümumtəhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI-XII-ci sinfində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılırdı.