Dekabrın 26-da Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsiylə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxıb. Məhkəmə M.İbrahimin saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində keçirilib.
Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, hakim müraciəti təmin etməyib:
«Hakim hesab edib ki, Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib».
Xatırlatma
AXCP Rəyasət Heyətinin üzvü M.İbrahim 2015-ci ilin sentyabrın 30-da həbs edilib. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun verdiyi hökmə əsasən, 3 il azadlıqdan məhrum edilib.
M.İbrahim AXCP-dən xaric edilən Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. M.Quliyevi vurmaqda günahlandırılan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, hadisə zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.
M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Hazırda AXCP-nin 10-dan çox fəalı uzunmüddətli həbsdədir. AXCP onları siyasi məhbus sayır. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə alınıblar.
Hüquq müdafiəçilərinin hazırladıqları siyahıya görə, ölkədə 150 civarında siyasi məhbus var.