Hakerlər Men adasındakı Kayman Milli Bankının (Cayman National Bank) arxivini “sındırdıqlarını” bildiriblər.
Bu arxivin internet linki Distributed Denial of Secrets layihəsinin Twitter hesabında yerləşdirilib.
Bank arxivinə müdaxilə hələ 2016-cı ildə baş versə də, bank bu xəbəri yalnız bu həftə təsdiqləyib.
Men adası Britaniya monarxının tac ərazisi sayılır və Britaniya ilə İrlandiya arasında yerləşsə də rəsmən nə Britaniyaya, nə də Avropa İttifaqına aid deyil.
Bu adadakı banklar bütün dünyada vergilərin optimallaşdırılması əməliyyatları ilə məşhurdur.
UnicornRiot müstəqil media birliyinin verdiyi xəbərə görə, hakerlər 3800-dən çox şirkət, fond və fiziki şəxsin məlumatlarına müdaxilə edə biliblər.
Buna da bax: “Panama Papers”: Prezident övladlarının London mülkləri
AzadlıqRadiosunun Rus xidməti bildirir ki, sözü gedən əmanətçilərin arasında britaniyalılar, kiprlilər və rusiyalılar da var.
UnicornRiot sızdırılmış materialın həcminə görə bu hadisəni Panama sənədləri kimi tanınan sızma ilə müqayisə edib.
2015-ci ildə Panamada yerləşən Mossack Fonseca hüquq firmasına aid bir neçə milyon sənəd internetə sızdırılmışdı.
Bu sənədlərdən bütün dünya boyunca çox sayda siyasətçilərin və məşhurların gizli ofşor hesablarının olduğu ortaya çıxmışdı. Onların arasında Rusiya, Qazaxıstan və Azərbaycandan olan bir sıra vəzifəli şəxslər də vardı.
Bu sənədlərdə Rusiya prezidenti Vladimir Putinə yaxın olan adamların, Britaniyanın ovaxtkı baş naziri David Cameron-un, Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin, Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayevin qızının və Ukrayna prezidenti Petro Poroshenko-nun adları çəkilirdi.