N.Cəfərli: «Bu, korrupsiyaya yol açır»

Natiq Cəfərli

-

«Düşüncəmə görə, yanlış addımdır. Bəlkə də yaradılmasına ehtiyac yox idi».

Bunu AzadlıqRadiosuna ekspert Natiq Cəfərli prezident İlham Əliyevin Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında sərəncamını şərh edərkən deyib.

Onun fikrincə, bu yeni qurum korrupsiyaya yol aça bilər: «Bu qurumun yaradılmasının fəlsəfəsi bundan ibarətdir ki, torpaqlar ayrılacaq, yeni tikintilər aparılacaq. Amma bütün işlər bir əldə cəmləşdikdə, bu, korrupsiyaya, yeyintiyə yol açır».

N.Cəfərli deyir ki, hansısa qurumun müəyyən sahədə hegemon rola malik olması müsbət nəticə vermir: «Daha yaxşı olardı ki, bu tenderlər vasitəsilə həll edilsin. Dövlət torpağı ayırır, tenderi elan edir. Daha ucuz, daha keyfiyyətli tikinti layihəsi təqdim edən tenderdə qalib gəlir. Tenderə qatılan özəl şirkətlər özləri özlərindən oğurlayası deyillər ki».

İqtisadçının fikrincə, nəzəri baxımdan bu Agentliyin yaradılması nə qədər cəlbedici görünsə də, təcrübədə mənfi hallar özünü göstərəcək: «Ona görə də deyirdim ki, belə bir Agentliyin yaradılmasına ehtiyac yox idi».