Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron koronavirus epidemiyasına görə böyük iqtisadi ziyan görən Avropa İttifaqına kömək məqsədilə təşəbbüs irəli sürüblər.
Merkel və Macron iqtisadi dirçəliş üçün ayrı-ayrı region və sahələrə 500 milyard avroluq fond ayrılacağını deyiblər.
Onlar bu niyyətlərini mayın 18-də birgə keçirdikləri mətbuat konfransında bəyan ediblər.
Təşəbbüsə görə Avropa Komissiyasına bu pulu maliyyə bazarlarından götürmək səlahiyyəti verilməlidir.
Belə bir fondun yaradılması barədə təşəbbüs İttifaqın bütün 27 üzvü tərəfindən qəbul olunmalıdır.
Buna da bax: Rusiya deputatı Moskvanın humanitar yardımının paxırını açdı
Merkel: “Məqsəd Avropanın həmrəyliyidir”
Xanım Merkel deyib ki, “belə bir böhrana ona uyğun da reaksiya vermək lazımdır”.
Onun sözlərinə görə, bu addımdan başlıca məqsəd Avropa İttifaqının böhrandan həmrəy çıxmasıdır.
Berlin və Paris arasında videobağlantı ilə keçirilən danışıqlarda sözü gedən vəsaitin Avropa İttifaqının 2021-2027-ci illər üçün büdcəsinə daxil edilməsi təklif olunub.
Bəyanatda deyilir ki, “ambisiyalı, hədəfli və müvəqqəti” dirçəliş fondu Avropa İttifaqının iqtisadiyyatını hərəkətə gətirməkdə təkan olmalıdır.
Proqnozlara görə bu il Avrozona ölkələrində iqtisadi tənəzzül 7.7 faiz təşkil edəcək.
Buna da bax: Əhalini koronavirusla birgə yaşamağa çağırırlar
“Koronavirus bondları”
Koronavirus böhranı başlanandan bəri Fransa da Avropa İttifaqından borcun ortaq hesablanmasını tələb edən İspaniya və İtaliyaya qoşulub.
Bu ölkələr koronavirus pandemiyasının dağıdıcı ziyan vurduğu iqtisadiyyatlara kömək məqsədilə “koronavirus bondlarının” buraxılmasını təklif edirlər.
Almaniya, Avstriya və Niderlandsa borcun ortaqlaşdırılmasına qarşı çıxırlar. Buna baxmayaraq Almaniya bildirib ki, Avropa İttifaqı ölkələrinə dəstək məqsədilə daha çox vəsait ayırmağa hazırdır.
Almaniya hazırda dərin resessiyada olsa da, koronavirusa nisbətən az qurban verən ölkələrdəndir. Burada koronavirusdan 8 mindən az adamın öldüyü xəbər verilir.
Avropa İttifaqının sözçüsü Arianna Podesta mayın 19-da deyib ki, Almaniyanın öz iqtisadiyyatına dəstək üçün ayrıdığı 1.96 trilyon avro, bütün Avropa boyunca təsdiq edilmiş yardım vəsaitlərinin az qala yarısı qədərdir.
Koronavirus pandemiyası Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanı “qara sıfır” qaydasından imtinaya məcbur edib.
Bu prinsipə görə dövlət, ümumiyyətlə borc almamalı idi.