Metro bağlanır

Bakı metrosu

Bakı metrosunda qatarların hərəkəti bugün, martın 31-i saat 22:00-dan aprelin 20-nə kimi dayandırılacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında bildirilir.

Məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. «Eyni zamanda, Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır», - açıqlamada yazılıb.

Açıqlamanın sonunda da oxuyuruq: «Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobuslar buraxılıb».

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 38 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Rəsmi açıqlamaya görə, Azərbaycanda indiyə kimi ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərməyə başlayıb. Bu gün, martın 31-dən isə qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.