Amerikalı üzgüçü Michael Phelps öz idman karyerası boyunca saysız-hesabsız medal qazansa da, bəzi medallarını digərlərinə baxanda, daha üstün sayıb. Olimpiya komandasına qazandırdığı və Olimpiya finalında qazandığı, ilk dəfə dünya rekordunu yenilərkən və ya ilk dünya çempionu adını qazanarkən əldə etdiyi medallardan söhbət gedir.
10 İLDİR LİDERDİR
Phelps 10 ildir ki, 200 metrlik üzgüçülük yarışlarında liderliyi qoruyub saxlayır. O, 2007-ci ildə ən yaxın rəqibini düz 3 saniyə qabaqlayaraq, dünya rekordunu isə 1,5 saniyədən çox aşaraq çempion olmuşdu. Bir il sonra - Pekin Olimpiadasında isə o, 8 qızıl medal qazanmış, üstəlik, gözlüyünü içəridən su örtmüş vəziyyətdə dünya rekordunu qırmışdı.
Phelps Laszlo Cseh, Takeshi Matsuda, Wu Peng kimi idmançıları yenib.
Ancaq London Olimpiadasında Phelps ard-arda 3 qızıl medal qazanan ilk idmançı kişi olmaq məqsədini qarşısına qoyur. Çox çalışsa da, alınmamışdı.
ONA RAHATLIQ VERMƏYƏN OLAY
Qızıl medalı 1:52.96 nəticə göstərən Chad le Clos qazanmışdı. Phelps-sə 1:53.01 nəticə ilə gümüş medal almışdı. Həmin olimpiadada sonrakı dörd digər yarışı 1-ci bitirib,hər birində qızıl medal alsa da, Phelps daha 200 metrlik yarışlara qatılmadı, amma...
Amma «Dörd il öncə baş verən olay ilişib içimdə qalıb.Çox qanqaraldıcı yarış idi», -deyənPhelps sonra geri döndü.
Ötən il 200 metrlik yarışlara qayıdan Phelps əsl şou göstərdi. ABŞ birinciliyində dünyanın ilboyu ən yüksək sürətini nümayiş etdirdi: 1:52.94.Yenə əvvəlki Phelps olmuşdu.
Chad le Clos Kazanda keçirilən dünya çempionatında 100 metrlik yarışların qalibi olandan sonra mətbuata müsahibəsində demişdi ki, Phelps düz altı il onun sürətində üzə bilmədiyindən (50.56), gərək səsini çıxarmasın.
Budur, San-Antoniodakı milli çempionatda Phelps 50.45 nəticəsini göstərdi və...
KÖHNƏ RƏQİBLƏR YENƏ GÖRÜŞÜR
Və köhnə rəqiblər Rioda yenidən 200 metrlik yarışlarda görüşdülər.
Phelps həmin vaxtadək 200 metrlik məsafədə bir qədər geriləyərək, 1:54.84 nəticə ilə dünya altıncısıydı.
Buna da bax - Azərbaycan olimpiadada neçə qızıl qazana bilər?
Chad le Clos-sa qələbəyə hazır görünürdü. O, az öncə 200 metrlik məsafəyə fristayl yarışlarında 1:45.30 nəticə ilə gümüş medal qazanmışdı. Bundan bir saat sonra - rəqibiylə birgə 200 metrlik yarışların yarımfinalına hazırlaşarkən, qəsdən düz Phelps-in gözləri önündə boks hərəkətləri göstərmişdi.
Dörd il öncə ona qalib gələrək qızıl medal alan, bir il əvvələdək onun haqqında mediaya xoşagəlməz sözlər danışan rəqib indi də onu cırnatmağa çalışırdı. Phelps-ə bundan daha yaxşı motivasiya – gərəkçə ola bilməzdi.
ƏVVƏLCƏ 3-CÜ NƏTİCƏ GÖSTƏRSƏ DƏ…
O, yarımfinalda 3-cü nəticə göstərsə də, finalda le Clos-u, demək olar, saniyənin 7/10-si qədər qabaqlayaraq yarışı qazandı və belə dedi: «Son 10 metr asan olmadı. Mənə elə gəlirdi ki, yerimdə dayanmışam».
Phelps 1:53.36 nəticəsiylə qızıl medal qazandı. Gümüş mükafat 1:53.40 nəticə ilə ondan on yaş kiçik olan Masato Sakai-yə çatdı.
«Vaxt məni üzmür. Uda bildiyimə görə xoşbəxtəm», - Phelps belə deyir.
O, qızıl medalını alanda, kameralar onun gözündən axan yaşı tutdular. Həmin vaxttamaşaçılar onu gurultu ilə alqışlayırdılar.
«SONUNCU YARIŞIM İDİ…»
«Bu olay mənə həyat verdi, axı mənim sonuncu yarışım idi. Bunun sona çatmasını görmək qəribə hissdir». Yenə Phelps-in sözləridir.
Uzun zamandan bəri Phelps-in məşqçisi olmuş Bob Bowman deyir ki, həmin yarış 12 il əvvəl Afina olimpiadasındakı ilk yarışından sonra Phelps-in ən yaxşı yarışı idi.
Həmin gecənin ardından Phelps daha bir neçə titul qazandı. İndi o, şəxsi Olimpiya medallarının sayı baxımından sovet gimnastı Larisa Latynina-nı da keçərək birinci olmuşdu. Yaxın üç gündə hələ yeni medallar da qazana bilər. Üstəlik, Phelps bu 200 metrlik yarışdan sonra qızıl medala layiq görülən ən yaşlı üzgüçü kimi tarixə düşdü. O, karyerası boyunca 21 qızıl medal qazanıb. Başqalarınınsa, uzağı, 9 qızıl mükafatı var. Phelps-in özü belə deyir:
«ADAMIN AĞLI ÇAŞIR…»
«Yaman çox medal qazandıq. Adamın ağlı çaşır. Bunun nə zaman başladığını və Bowman-la birgə nələr bacardığımızı düşünəndə, ağlım qarışır».
Mətbuat konfransı başa çatınca, jurnalistlər onu alqışlarla yola saldılar. Ancaq Phelps-in bu olimpiadadakı hünərləri hələ bitməyib. Hələ öndə onu 200 metrlik komanda yarışı, 100 metrlik fərdi və 400 metrlik komanda yarışı gözləyir. Bunların hər üçündə qalib gəlsə, heç kim təəccüblənməz.