Mərkəzi Bankın ehtiyatlarında, pul bazasında artım var

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarında artım var.

Mərkəzi Bankın məlumatına görə, onun valyuta ehtiyatları oktyabrın 1-nə 5 milyard 534,5 milyon dollar olub. Bu göstərici ondan əvvəlki ay ilə müqayisədə 31 milyon dollar çoxdur.

2018-ci ilin əvvəli ilə müqayisədə isə ehtiyatlar 199,9 milyon dollar artıqdır.

AMB Azərbaycanın pul bazası ilə bağlı da son məlumatları bölüşüb.

Oktyabrın 1-nə olan göstəricilərə görə, pul bazası 8 milyard 871,5 milyon manat təşkil edib.

Bu göstərici avqustun sonuna olan rəqəmlərlə müqayisədə 553 milyon manat çoxdur.

Pul bazasının ilin əvvəli ilə müqayisədə isə 328 milyon manat artdığı qeyd edilir.