Mitinqlərə icazə verildi

Sizin brauzer HTML5-i dəstəkləmir

Eldəniz Quliyev: "İstəyirik, xalqı soğan kimi soymasınlar"

Milli Şura və Müsavat Partiyasının mitinqlərinə müsbət cavab verilib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyir ki, elə indicə Bakı şəhər İcra Hakimiyyətindən razılıq cavabı alıblar.

Qurum sentyabrın 26-na təyin edilən referenduma qarşı çıxır. Bu məqsədlə sentyabrın 17-də mitinq keçirmək niyyətindədir. Bundan əvvəl sentyabrın 11-də Milli Şura Bakıda «Monarxiyaya son, talana yox!» şüarı ilə aksiya keçirib.

MÜSAVATA DA YAŞIL İŞIQ

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı da deyir ki, onlar da şəhər rəhbərliyindən razılıq cavabını alıblar. Ancaq aksiyanın vaxtı bir qədər önə çəkilib.

Müsavatın aksiyasında isə «Yaşasın Respublika!» şüarının səslənəcəyi bildirilir.

Hər iki qurum bir-birlərinin aksiyasını dəstəkləyir.

Üstəlik, Müsavat Partiyası sentyabrın 24-də birgə aksiya keçirməklə bağlı təkliflə çıxış edib.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.