Milyarder Fərhad Əhmədovun evində axtarış aparılıb

Fərhad Əhmədov, arxiv foto

Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədovun Göyçay rayonundakı evində axtarış aparılıb.

"Turan" İnformasiya Agentliyinin yazdığına görə, məlumatı milyarderin mətbuat katibi Müşfiq Əlizahid təsdiqləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyada yaşayan azərbaycanlı milyarder parlament seçkisi ilə bağlı təkliflərini verib

Mətbuat katibi Fərhad Əhmədovun müəssisələrində də axtarış aparılması və hətta saxlanması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.

Onun sözlərinə görə, yalnız onun Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.

Axtarış zamanı heç nəyin müsadirə olunmadığını deyən Müşfiq Əlizahid bu axtarışın hansısa anlaşılmazlıqla bağlı ola biləcəyini deyib.

"Görünür, bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb, Əhmədovun saxlanılması haqqında məlumat həqiqətə uyğun deyil, o, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir"- milyarderin mətbuat katibi əlavə edib.

Bu məlumata hələki Azərbaycanın hüquq-mühafizə orqanlarından hər hansı münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax: Milyarder Fərhad Əhmədov keçmiş həyat yoldaşına 200 milyon dollar ödəyəcək

Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Azərbaycanın Göyçay rayonunda nar şirəsi istehsal edən böyük zavodu var.

Əhmədov Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda ABŞ hökumətinin və Avropa İttifaqının elan etdiyi sanksiyalarına məruz qalıb.

Sanksiyaların elanından sonra bu ilin mayında milyarderin qiyməti 400 milyon avro dəyərləndirilən super yaxtası Almaniyanın Hamburq limanında saxlanılıb.

Həmin vaxt "Süddeutsche Zeitung" qəzeti Almaniya federal polisinə istinadən superyaxtanın Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədova məxsus olduğunu yazıb.

Qəzetin məlumatına görə, 9 göyərtəsi və hovuzu olan bu yaxta 2014-cü ilədək başqa bir rusiyalı milyarderə - Roman Abramoviçə məxsus olub.

"Superyacht" Fan saytında dərc olunmuş məlumata görə, Əhmədov bu yaxtanı Abramoviçdən 300 milyon dollara alıb və bundan sonra yaxta təmir üçün Bremerhafen tərsanəsində təmirə göndərilib.

Buna da bax: Milyarder Fərhad Əhmədovun yaxtası saxlanıb

"Forbes" jurnalı Fərhad Əhmədovun sərvətini 1.7 milyard dollar olaraq dəyərləndirib.