Cəbrayılda minadan xəsarət alanlar var

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'

İyunun 17-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ruhin Vəliyevin işğaldan azad edilmiş ərazidə piyada əleyhinə minaya düşdüyü bildirilir. 31-yaşlı həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Cəbrayıl rayon Prokurorluğundan məlumat verilib. Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.

Bəzi yerli saytların məlumatına görə isə, həmin mina partlayışı nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onların da ANAMA əməkdaşları olduğu bildirilir. Həmin şəxslərin xəsarətlərinin isə yüngül olduğu deyilir. Bu məlumatı da ANAMA-dan təsdiqləyiblər.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra indiyə qədər işğaldan azad edilən ərazilərdə 200-dən çox şəxs minaya düşüb. Onların 30-dan çoxunun həlak olduğu bildirilir.

Həmin bəyanatın imzalanmasından sonra Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Amma bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Sonradan da Prezident İ.Əliyev həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi. Buna cavab olaraq Ermənistan Baş naziri N.Paşinyan da deyib ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.