Hərbi qulluqçu minaya düşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'

Aprelin 19-da Kəlbəcərin Ağcakənd kəndi istiqamətində Azərbaycan ordusunun hərbi qulluqçusunun minaya düşdüyü bildirilir. Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadənin hospitala yerləşdirildiyi deyilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hələlik, rəsmi açıqlamaya hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 150-dən çoxu isə yaralanıb. Onların arasında hərbi qulluqçular da var.

Xəritə: Azərbaycanın iradı, Ermənistanın cavabı

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra Azərbaycan tərəfi Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Amma bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin alındığı açıqlanmışdı. Sonradan da Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, onlar əllərində olan xəritələri veriblər, "yəni yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər": "Xəritələrin keyfiyyətində problem olduğunu istisna etmirəm, həm də bilirəm niyə. Xəritənin keyfiyyəti kartoqrafın keyfiyyətindən, onun peşəkarlığından asılıdır. Bizdə kartoqrafiya olunandır. Biz burada səmimi, açığıq, yəni heç kəsi aldatmaq fikrimiz yoxdur".

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.