Minaya düşənlər var

Mina partlayışı

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bir əməkdaşının aprelin 6-da minaya düşdüyü bildirilir.

AZƏRTAC-ın məlumatına görə, hadisə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verib.

ANAMA-dan bildirilib ki, qurumun əməkdaşı 1991-ci il təvəllüdlü Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: "Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir".

İki gün əvvəl, aprelin 5-də isə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində üç nəfərin yaralandığı açıqlanmışdı. Onlardan birinin ata, digərlərinin isə onun uşaqları olduğu deyilirdi.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, onlar Bərdə rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Olaylara, hələlik, zərərçəkən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr (2020) sazişindən sonra ölkənin 70 vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar.

Yerevan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan həmin sazişdən sonra işğaldan azad edilən bəzi rayonların mina xəritələrini Azərbaycanda tutulan bir sıra hərbçilərinin qaytarılması əvəzində Bakıya təqdim edib. Sonradan Azərbaycan bu xəritələrin yetərli olmadığını bildirdi. Ermənistan baş naziri Nikol Paşinyan da buna cavab olaraq əllərində olan xəritələri təqdim etdiklərini vurğuladı.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri etnik təmizləmə kimi dəyərləndirir.

Son illər tərəflər arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə və həm də birbaşa sülh danışıqları aparılır. Tərəflər sülh sazişini bəndlər üzrə razılaşdırsalar da, hələlik, onu imzalamayıblar.