23 mülki şəxs həlak olub, 36 nəfər xəsarət alıb

Ağdam

Azərbaycan Baş Prokurorluğu bu gün, avqustun 11-də işğaldan azad edilən ərazilərdə minaya düşərək həlak olan və xəsarət alan mülki şəxslərin sayını açıqlayıb.

Qurumun mətbuat xidmətinin məlumatına görə, 2020-ci il noyabrın 10-dan bu il avqustun 11-dək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi qurumların açıqlamasına görə, qeyd edilən müddət ərzində minaya düşmə səbəbindən Azərbaycanın hərbi qulluqçuları arasında da ölən və yaralanan var.

Azərbaycan rəsmiləri son vaxtlara qədər bildirirdi ki, Ermənistan işğaldan azad edilən ərazilərdə minaların xəritəsini onlara vermir. Amma son aylar Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələrinin alındığı deyilir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.