Mirtağı Əsədovla görüşmək mümkün olmur

Mirtağı Əsədov

Yaxınları və vəkilləri hələ də Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədovla görüşə bilməyiblər.

Bunu “Turan” agentliyinə Əsədovun ailəsindən bildiriblər.

Ailə üzvlərinin deməsinə görə, son bir həftədə əlaqəli bütün qurumlara, o cümlədən Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edilib.

“Müraciətlərin heç bir faydası yoxdur. Nə bizim, nə də vəkillərinin onunla görüşməsinə imkan verilir. Bizə telefonla da zəng etməyib. Görünür, icazə vermirlər”, ailəsindən deyiblər.

Agentliyin xəbərinə görə, Mirtağı Əsədovun xanımı Şahanə Hacıyeva noyabrın 19-da ayrıca olaraq birinci vise-prezident Mehriban Əliyevaya, prezidentin köməkçisi Fuad Ələsgərova, baş prokurora, daxili işlər nazirinə müraciət göndərib. Müraciətlərdə Əsədovun durumunun diqqətdə saxlanılması, onunla görüşə şərait yaradılması istənilir.

“Gürcüstan tərəfi də Mirtağı Əsədovun durumunu diqqətdə saxlamağa çalışır.”

Bunu isə Mirtağı Əsədovun Gürcüstanda yaşayan atası Mirhüseyn Əsədov Azadlıq Radiosuna bildirib. Atası onun durumundan narahat olduqlarını vurğulayıb:

“Heç kimlə görüşməsinə icazə verilməyib hələ. Ancaq məhkəməsində vəkili və həyat yoldaşı qısa müddətdə görüblər onu. Mənə deyirlər ki, o, pis görünürmüş, çəkisi də hiss olunacaq dərəcədə azalıb”.

O, oğlunun saxlanılmasının səbəblərindən məlumatsız olduğunu deyib. Digər oğlunun İranda yaşadığını və fəaliyyət göstərdiyini qeyd edən Mirhüseyn Əsədov həbsin bundan qaynaqlana biləcəyini vurğulayıb.

Yaxınlarının bildirməsinə görə, dünən, noyabrın 18-də Gürcüstanın hüquq müdafiə təşkilatları və Yevangelist Baptist kilsəsinin mitropoliti Malxaz Sonğulaşvili Əsədovlar ailəsinin yaşadığı Marneuli rayonunun Dəmyə Görarxı kəndinə gəliblər. Onlar Əsədovlar ailəsinə baş çəkiblər.

Mirtağı Əsədovu yaxınları və vəkilləri yalnız məhkəmədə görüblər. Onların deməsinə görə, Əsədov məhkəmədə bütün ittihamları rədd edib, ittihamlara təzyiq altında imza atdığını söyləyib.

Ancaq bütün bu deyilənlərə, hələlik, rəsmi orqanlardan və adi çəkilən başqa qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

“Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin” sədri Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd-buraxılış məntəqəsində saxlandığı bildirilirdi. Bu haqda həmin idarə açıqlama yaymışdı.

Həmin açıqlamadan 4 gün sonra yaxınları bildirmişdilər ki, Mirtağı Əsədov inzibati qaydada 30 sutka həbs edilib.

Həyat yoldaşı Şahanə Hacıyeva Əsədovun haqqında məhkəmə qərarını əldə etdiyini bildirmişdi. O, qərarı noybarın 8-də Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyini deyirdi:

“Gürcüstan vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub”.

“Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Mirtağı Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib”, xanımı həmçinin vurğulayıb.

Ailəsinin deməsinə görə, noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində Mirtağı Əsədov-a 30 sutka inzibati həbs cəzası verilməsini nəzərdə tutan qərardan apellyasiya şikayətinə baxılıb, şikayət təmin edilməyib. Mirtağı Əsədov orada da ailəsinin qeyd etməsinə görə, noyabrın 8-də yox 7-də, sərhəddə saxlandığını açqıyıb.

Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi bildirilir. Onun həyat yoldaşı Azərbaycanda yaşayır. Verilən məlumata görə, o ildə bir neçə dəfə Azərbaycana səfər edib.