Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 15-də Azərbaycan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə erməni tərəfinin verdiyi məlumatı təkzib edib.
Nazirliyin Twitter hesabından yazılan postda bildirilir ki, Ermənistan tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyildir.
Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən yazırdı ki, Azərbaycan silahlı qüvvələri oktyabrın 15-də yerli vaxtla gündüz saat 15:00-da Ermənistanın Ararat vilayətindəki Yerasx (Arazdəyən-red) kəndi və bu ərazidəki erməni mövqeləri istiqamətində atəş açıb.
Bu da bildirilirdi ki, atəş nəticəsində sakinlərdən birinin tövləsi və ot bağlamaları yanıb.
Məlumatda deyilirdi ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri və mülki əhali arasında tələfat olmayıb.