İctimai fəal: 'Nömrəyə zəng çatmadı... balansdan 18 manat silindi...' [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Cib telefonun kimlərin cibinə işləyir? [A-Live]

Azərbaycanda ictimai fəallardan olan Bəxtiyar Hacıyev dekabrın 14-də Brüsseldə olduğu vaxt Londonda təhsil alan bir tələbəyə zəng edib. Amma həmin nömrəyə zəng çatmadığı halda balansdan 18 manat 20 qəpik silinib.

Bəxtiyar Hacıyev deyir ki, bununla bağlı abunəçisi olduğu Azərbaycanın "Azercell" mobil rabitə şirkətinə müraciət edib. Müraciətinə cavab gəlib ki, rouminq tərəfdaşları ilə razılaşmaya görə belə tarif tətbiq edilib və şirkətin saytında bu haqda məlumat olub:

Buna da bax: 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

“Mənə göstərdilər ki, baxın biz bu haqda yazmışıq. Mən də onlara göstərdim ki, elə dünənə qədər sizin saytda bu haqda məlumat yox idi. Yəni, hadisə baş verir, tarif tətbiq edilir, müştərinin balansından pul çıxılır. Amma müştəri bununla bağlı şikayət etdikdən sonra tarif haqda məlumat sayta əlavə olunur. Bu tək mənim şikayətim deyil. Elə sosial şəbəkələrdən, cəmiyyətdəki söhbətlərdən də görünür ki, bir çox abunəçi mobil operatorlardan şikayətçidir. Onlardan xəbərsiz hansısa xidmətlərə qoşulur, balanslarından pul silinir və ya yüksək tariflər tətbiq olunur”.

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev bununla bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Bu Azərbaycandakı mobil operatorlardan yeganə şikayət deyil.

Buna da bax: ‘Təbrik edirik, sizin hava və valyuta xidmətiniz aktiv edildi’

Biz bununla bağlı “Azercell” şirkəti ilə də əlaqə saxladıq. Şirkətin korporativ ünsiyyət üzrə mütəxəssisi Kübra Kərimli bildirdi ki, onlara rəsmi müraciət edildikdən sonra sualları araşdırıb cavablaya bilərlər. Suallarımızı göndərsək də veriliş efirə hazırlanarkən hələlik şirkətdən hər hansı cavab gəlməmişdi.

Buna da bax: Prezident ailəsinin biznesi…

İqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycanın mobil rabitə bazarındakı fundamental problem inhisar, rəqabətsizlik mühitidir. O, əlavə edir ki, Azərbaycandakı 3 mobil operatorun sanki eyni mərkəzdən idarə olunması təsərrüfatı var:

Buna da bax: TeliaSonera’s Behind-The-Scenes Connection To Azerbaijani President's Daughters

“Hətta bunun dolayı sübutları da var. Məsələn, “Bakcell”lə “Azerfon”nun ötürücü antenaları bir çox hallarda eynidir. Dünyanın heç bir yerində bir-birinə rəqib olan şirkətlər heç vaxt bu formada əməkdaşlıq edə bilməz. Belə bir rəqabətsizlik mühitinin də acısını sadə vətəndaş, abunəçi yaşayır. Çünki nə qədər rəqabət olarsa, şirkətlərin göstərdiyi xidmətin çeşidi, qiyməti də müştəriyə uyğun olar”.

Natiq Cəfərli

Natiq Cəfərli Azərbaycanın qonşusu Gürcüstanı misal çəkir. Deyir ki, Rusiya ilə Gürcüstan arasında münasibətlər elə də yaxşı olmasa da rəqabətli mühiti saxlamaq üçün Gürcüstan Rusiyanın mobil operatorunu ölkədə saxlayıb.

Buna da bax: Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi

Azercell-in öz web səhifəsində yaydığı məlumata görə, şirkət ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycan bazarında liderdir. AzadlıqRadiosu-nun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması layihəsi - OCCRP ilə birgə 2014-cü ildə apardığı araşdırmada qeyd olunur ki, "Azercell Telekom" MMC müxtəlif ofşor strukturlar və nümayəndələr vasitəsilə İlham Əliyevin qızlarına bağlıdır.

Buna da bax: Azercell-də prezident qızlarının payı

AzadlıqRadiosu 2011-ci ildə ölkənin 3-cü mobil rabitə operatoru – “Azerfon”un 72 %-nin prezident İlham Əliyevin qızlarına məxsus olmasını üzə çıxaran araşdırması olmuşdu.

Buna da bax: "Azərfon"a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

Hər iki araşdırmaya hökumət rəsmilərindən hər hansı cavab olmayıb.

OCCRP-nin araşdırmasına görə Azərbaycanın ikinci böyük mobil operatoru “Bakcell”in sahibi isə ofşor zonada - Vircin adalarında qeydiyyatdan keçmiş "GTİB 1996" şirkətidir. Bu şirkətin kimə aid olduğu bəlli deyil.

Biz Bakı sakinlərini də müzakirəyə qatmışıq. Onlardan soruşmuşuq ki, istifadə etdiyiniz mobil operatorun keyfiyyəti sizi qane edirmi?:

Sizin brauzer HTML5-i dəstəkləmir

İstifadə etdiyiniz mobil operatorun keyfiyyəti sizi nə dərəcədə qane edir?

Buna da bax: TeliaSonera Azərbaycandan qaçır

Azərbaycanda mobil operatorun keyfiyyətindən və qiymətin yüksək olmasından şikayətlər tez-tez səslənir. Mobil operatorlar isə adətən bu şikayətlərin əsassız olduğunu deyir, ilbəil müştəri xidmətləri məmnunluğunun artdığını vurğulayırlar. Amma tənqidçilərsə düşünürlər ki, inhisar aradan qaldırılmayınca, başqa şirkətlərin Azərbaycanın mobil rabitə bazarına daxil olmasına imkan yaradılmayınca, rəqabətli mühit olmayınca mobil xidmətlərin keyfiyyəti artmayacaq.