‘Moldova MDB-ni yalnız Avropa İttifaqına üzv olanda tərk edə bilər’

Moldova baş nazirinin müavini Iurie Leancă AzadlıqRadiosuna müsahibə verib

“Moldova Müstəqil Dövlətlər Birliyini yalnız Avropa İttifaqının üzvü olduqdan sonra tərk etməlidir”. Bu bəyanatı Moldova baş nazirinin müavini Iurie Leanca verib.

Onun bu bəyanatından əvvəl Liberal Partiyadan olan 5 müxalifətçi millət vəkili Moldovanın MDB-dən çıxmasına dair qanun layihəsini təklif etmişdilər. Müxalifətçi millət vəkilləruinin tərtib etdiyi qanun layihəsində deyilirdi ki, Moldovanın MDB üzvü olması onun Avropa İttifaqı ambisiyalarına ziddir.

Baş nazir Pavel Filipin hökuməti Moldovanın Avropa İttifaqı və Birləşmiş Ştatlarla yaxınlaşmasına tərəfdardır. Ölkənin prezidenti İqor Dodon isə Moldovanın Moskvanın nüfuz dairəsində qalmasını istəyir.

Lakin baş nazirin müavini Leanca yanvarın 25-də AzadlıqRadiosuna bildirib ki, “Moldova yalnız Avropa İttifaqı üzvlüyünə rəsmi müraciət verib namizəd ölkə statusunu aldıqdan sonra MDB-ni tərk edə bilər”.

Qərbyonlü keçmiş baş nazir və keçmiş xarici işlər naziri Leanca bu müsahibədən iki gün əvvəl Brüsselə rəsmi səfərdən qayıdıb.

O bu səfərdən sonra jurnalistlərə deyib ki, Moldovanın, Avropa İttifaqına inteqrasiyadan başqa alternativi yoxdur.

Leanca bildirib ki, Moldova Avropa İttifaqına üzvlük istiqamətində Şərq Tərəfdaşlığı çərçivəsindən kənarda, müstəqil şəkildədəhərəkət edə bilər.

Buna baxmayaraq Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini Brüsseldəki danışıqlar zamanı Leanca-ya deyib ki, Brüssel Kişinyovun bloka üzvlüyünə tərəfdardır, lakin bundan əvvəl Moldovanın Aİ ilə bağladığı assosiasiya sazişinə uyğun şəkildə götürdüyü öhdəliklərə əməl etməsi lazımdır.

İyul ayında parlamentin spikeri Andrian Candu demişdi ki, Moldova Aİ üzvlüyü üçün rəsmi ərizəni 2018-ci ilin ikinci yarısında və ya 2019-cu ildə verəcək.

Candu Gürcüstan və Ukraynadan olan spiker həmkarları ilə birlikdə Avropa İttifaqına və Avropa Parlamnentinə birgə məktub imzalamışdılar. Bu məktubda Brüsseldən bu üç ölkəyə Aİ üzvlüyü üçün aydın perspektiv verilməsi rica olunurdu.

Lakin bu müraciət Avropa İttifaqı Şərq Tərəfdaşlığının ötən noyabrda keçirilmiş sammitində nəzərə alınmamışdı.

Əksinə, Avropa İttifaqı Moldovanı ölkədəki korrupsiya və çirkli pulların yuyulmasına görə tənqid etmişdi.