Mollalar Berdımuxammedovun kitabını oxuyurlar

Qurbanqulı Berdımuxammedov

Kitabın prezentasiyasını aprelin 29-da prezindentin oğlu və ölkənin yeni prezidenti Serdar Berdımuxammedov keçirib

Türkmənistanda mollalar Ramazan bayramı münasibətilə ibadətlərdə keçmiş prezident Qurbanqulı Berdımuxammedovun yeni kitabını oxyublar.

Yerli telekanallar mollaları məsciddə keçmiş prezidentin “Həyatımın mənası” kitabını oxuyarkən görüntüləyən reportajlar verib.

Reportajlarda deyilir ki, Qurbanqulı Berdımuxammedovun yeni “görkəmli fələsəfi-ədəbi əsəri özündə türkmən xalqının minilliklər ərzində nəsildən-nəslə ötürdüyü əsl milli-mənəvi dəyərlərini ehtiva edir”.

Kitabın prezentasiyasını aprelin 29-da prezindentin oğlu və ölkənin yeni prezidenti Serdar Berdımuxammedov keçirib.

Buna da bax: Türkmənistanda çox çörək alanları həbs edəcəklər

Oğlundan məzuniyyət alıb ki, yenə kitablar yazsın

Bu da xəbər verilir ki, martın 27-də hakimiyyəti oğluna ötürən Berdımuxmmedov ondan bu il aprelin 1-dən məzubniyyət istəyib.

O bildirib ki, bu məzuniyyətdə yeni kitablar yazacaq, habelə Mərkəzi Asiya ölkələri və Rusiya parlamentlərarası forumunun keçirilməsinə hazırlaşacaq.

Berdımuxammedovun keçirməyi planlaşdırdığı daha bir tədbir Mərkəzi Asiya ölkələri və Rusiya qadınlarının dialoqudur.

Məzuniyyətin müddəti barədə xəbər verilmir.

Berdımuxammedovun indiyədək 60 kitaba müəlliflik etdiyi deyilir. Bu kitablar təbabətdən və dərman bitkilərindən tutmuş fəlsəfə və diplomatiyaya qədər ən müxtəlif sahələrə həsr olunub.

Onun atçılıq və it yetişdirməyə dair kitabları da var.

Keçmiş prezidentin kitablarını ölkənin ali məktəblərində tədris edir, dövlət telekanallarının canlı efirində qiraət edirlər.