Azərbaycan, Ermənistan və Rusiya prokurorları görüşüb

Baş prokurorların görüşü. Moskva. 8 dekabr 2022

Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin, Azərbaycan və Ermənistanın baş prokurorlarının dekabrın 8-də Moskvada üçtərəfli görüşü keçirilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, görüşdə Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəsinin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

Azərbaycanın bir sıra dövlət qurumları da Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq istədiklərini bildiriblər. Hazırda bununla bağlı Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi ilə danışıqlar gedir. Məsələyə, hələlik, başqa maraqlı tərəflərin münasibəti isə bəlli deyil.

Buna da bax: Azərbaycan Qarabağdakı yataqlarda inventarizasiya aparmaq istəyir

Ermənistan Baş prokuroru Anna Vardapetyan, öz növbəsində, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın hərbi əsirlərlə bağlı humanitar tələblərinin yerinə yetirilməsinə çağırıb.

10 noyabr razılaşmasından sonra hərbi əsir mövzusu Azərbaycan və Ermənistan arasında mübahisələrə səbəb olub. Azərbaycan həmin bəyanatın qəbulundan sonra onun ərazisində saxlanan Ermənistan hərbi qulluqçularını hərbi əsir saymır. Onlar Azərbaycanda mühakimə ediliblər. Lakin sonradan onların bir qismi işğaldan azad edilən rayonlarla bağlı mina xəritələri əvəzində və müxtəlif danışıqların gedişində ölkələrinə qaytarılıb. Ermənistan isə onları da hərbi əsir sayır və bütün tutulan hərbçilərin buraxılmasını istəyir.

Buna da bax: Müharibədən sonra saxlanmış ermənilərlə bağlı iki fərqli mövqe

Rusiya Baş prokuroru İqor Krasnov isə deyib ki, tədbir hər üç ölkə başçısının qəbul etdiyi bəyanatlar əsasında keçirilir: "Sözsüz ki, lokal münaqişələr yalnız geosiyasi vəziyyətə destruktiv təsir etmir, həm də cinayətkarlıq, terrorçuluq, ekstremizm ideyalarının və düşmənçiliyinin yayılmasına münbit şərait yaradır".

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 2021-ci ildə tərəflər arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat da imzalanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.