Rusiya, Türkiyə, İran və Suriya arasında Moskva görüşü baş tutmadı

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri müavinlərinin martın 15-16-da Moskvada planlaşdırılan görüşü qeyri-müəyyən vaxta təxirə salınıb.

Reuters bu məlumatı Türkiyə Xarici İşlər Nazirliyindəki mənbədən aldığını yazır.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ötən həftə demişdi ki, müavinlərin Moskva görüşündən sonra dörd ölkənin nazirləri bir araya gələcək və Suriya böhranını müzakirə edəcəklər.

Sözü gedən görüşün martın 15-16-da Moskvada keçiriləcəyini həftənin əvvəllərində Anadolu agentliyi də xəbər vermişdi.

Türkiyə XİN-dəki mənbə görüşün “texniki səbəblərdən” təxirə salındığını deyib.

Buna da bax: ABŞ Ukraynanın əks-hücumuna tələsir - Qərb mediası

“Tarixi” görüşdən sonra

Ankara və Dəməşq arasında planlaşdırılan yaxınlaşma çərçivəsində Suriya və Türkiyənin müdafiə nazirləri ötən dekabrda Moskvada görüşmüşdülər.

“Tarixi” adlandırılan həmin görüşdə Rusiyanın müdafiə naziri də iştirak etmişdi. Bu, Suriyada müharibə başlanandan üç ölkə arasında ən yüksək səviyyədə ilk görüş sayılırdı.

Yanvar ayında Çavuşoğlu demişdi ki, fevralda suriyalı həmkarı ilə görüşə bilər.

Türkiyə Suriya prezidenti Bəşər əl-Əsədin rejiminə qarşı siyasi və silahlı mübarizə aparan Suriya müxalifətinə dəstək verən yeganə NATO üzvüdür.

Türkiyə Suriyanın şimal bölgələrinə öz ordu hissələrini yeridib.

Buna da bax: 'MQ-9 Reaper'in bir saatlıq uçuşu 3 min 500 dollara başa gəlir

Moskvanın istəyi

Əsədin əsas müttəfiqi olan Moskva daim Ankara-Dəməşq yaxınlaşmasına çalışıb.

Ötən həftə iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşündən sonra Çavuşoğlu demişdi ki, İran da Türkiyə-Suriya-Rusiya danışıqlarına qoşulmaq istəyir və Türkiyə buna razılıq verib.

Martın 16-da Suriya prezidenti Bəşər əl-Əsəd Rusiya mediasına müsahibəsində deyib ki, o prezident Recep Tayyip Ərdoğanla görüşə yalnız Türkiyə qoşunları şimali Suriyadan çıxdıqdan və orada müharibəyə qədər olan vəziyyət bərpa olunduqdan sonra görüşə bilər.

Anti-Əsəd müxalifətinin ən böyük dəstəkçisi olan Türkiyə Suriyanın şimalında onlarla hərbi baza yaradıb və bu bölgədə minlərlə əsgər yerləşdirib.

Bu, Əsəd hökumətinin Suriyanın şimalına nəzarətə sahib olmasına maneçilik törədir.

Buna da bax: Türkiyə Rusiyanın S-400 raket kompleksindən imtina edir?

Əsəd Ərdoğana şərt qoyur

Əsəd Rusiya televiziyasına müsahibəsində ölkəsinin şimal ərazilərinin “qanunsuz işğal” edildiyini deyib.

O Ankaranı “terrora dəstəyini” dayandırmağa və qoşunlarını Suriya ərazilərindən çıxarmağa çağırıb:

"Mənimlə Ərdoğan arasında görüş yalnız bu halda mümkün ola bilər. Bunlarsız, Suriyada müharibəyə son qoyulması ilə nəticələnəcək yekun razılaşma olmadan belə bir görüşün nə mənası olardı”.

Suriyada 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan bəri indiyədək yüz minlərlə insan həlak olub.

Suriya münaqişəsi bura müxtəlif ölkələrin müdaxiləsi ilə nəticələnib.

Aralarındakı münasibətlərin ən pis vaxtlarında Ərdoğan Əsədi “terrorçu” adlandırmış və demişdi ki, Əsədin hakimiyyətdə olduğu müddətdə Suriyada sülh olmayacaq.

Əsəd isə öz növbəsində Türkiyə prezindetini Suriya torpağını qəsb edən “oğru” adlandırmışdı.

Xəbər verilirdi ki, təxirə salınan görüş məhz Ərdoğan-Əsəd görüşünə hazırlıq məqsədi güdürdü.

Buna da bax: 'İran təxribatlar, Azərbaycan isə dindarların kütləvi həbsini həyata keçir'

Əsəd Ukraynaya qarşı müharibəni dəstəkləyir

Bu da xəbər verilir ki, Bəşər əl-Əsəd Rusiyanın Ukraynadakı “yeni sərhədlərini” tanıdığını bəyan edib.

Beləliklə də o, Moskvanın ilhaq etdiyi dörd Ukrayna vilayətini Rusiya əraziləri kimi tanımış olub.

Əsəd RIA Novosti agentliyinə müsahibəsində deyib ki, “tarixi arqumentlər” bu ərazilərin Rusiyaya birləşdirilməsinə haqq qazandırır.

Söhbət Ukraynanın Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərindən gedir.

Bu vaxtadək Ukrayna torpaqlarının ilhaqını Şimali Koreyadan başqa heç bir ölkə tanımamışdı.

Lakin müharibəyə qədər Rusiyanın DXR və LXR adlandırdığı qondarma respublikaların müstəqilliyini Şimali Koreyadan başqa Suriya da tanımışdı.

2022-ci ilin 12 oktyabrında BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin leyhinə 143, əleyhinə 5 ölkə səs vermişdi.

Bu beş ölkə - Rusiya, Belarus, Suriya, Şimali Koreya və Nikaraqua idi.