Ötən gecə Moskvada 15 mərtəbəli hosteldə yanğın baş verib, səkkiz nəfər ölüb. Rəsmilər yanğın siqnalizasiya sisteminin yaxşı işləmədiyini deyirlər.
Daha dörd nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə paytaxtın cənub-şərq rayonunda baş verib.
Yanğın binanın birinci mərtəbəsində başlanıb. Fövqəladə xidmətlər yanğının gecəyarısından sonra söndürüldüyünü, 200-dən çox adamın evakuasiya olunduğunu bildirir.
Yanğında ölənlərin hamısı miqrantlardır, TASS aparıcı rəsmiyə istinadla xəbər verir. Hazırda onların vətəndaşlığı müəyyənləşdirilir.
Fövqəladə xidmət rəsmisinin TASS-a dediyinə görə, binada yanğın siqnalizasiyası işləməyib, bütün pəncərələrin dəmir barmaqlıqları olduğundan adamlar içəridə qalıb.
Səhlənkarlıq maddəsi üzrə cinayət işi açılıb.
Rusiyada binalarda tez-tez baş verən yanğınlara adətən texniki vəziyyətin, infrastrukturun zəifliyi, səhlənkarlıq səbəb göstərilir.