Moskvada körpünün uçması zamanı çox sayda xəsarət alan olub

Körpünün sınma anını əks etdirən videodan kadr

Yanvarın 1-də gecəyarıdan az keçmiş Moskvanın Qorki parkındakı taxta piyada körpüsünün uçması nəticəsində 13 nəfərin xəsarət aldığı xəbər verilir.

Moskva meriyası insident zamanı “ciddi xəsarətlərin olmadığını” bildirib.

Bundan əvvəl TASS xəbər agentliyi naməlum polis nəfərinə istinadən bildirmişdi ki, üç nəfər ağır xəsarət alıb.

Buz meydançasının üstündə yerləşən körpü sınarkən üstündə çox sayda adam vardı. Onlardan bir çoxu üç metr hündülüyündən buz meydançasına yıxılıb.

Sosial mediaya yüklənmiş videoda insident baş verəkən adamların Rusiyanın dövlət himnini dinlədikləri görünür:

Moskva şəhər hakimiyyəti bildirir ki, hadisə “sürüşmə meydançasının struktur elementlərindəki nasazlıqdan” törənib.