Moskva Armen Qriqoryanın bəyanatından narazıdır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 7-də keçirdiyi brifinqdə suallara cavab verərkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bir neçə gün əvvəl səsləndirdiyi bəyanata münasibət bildirib:

“Birincisi yaxşı olardı ki, Ermənistanın adını çəkdiyiniz yüksək vəzifəli rəsmisi hər halda seçim etsin: ya normal dialoq, belə bir dialoq nəinki mümkündür və hətta olmalıdır, çünki bizim Ermənistan tərəfi ilə belə bir təcrübəmiz var, ya da bax belə bəyanatlar. Biz birincini seçirik”.

Armen Qriqoryan iyunun 5-də Ermənistanın ictimai televiziyasına müsahibəsində demişdi ki, Azərbaycanla kommunikasiyaların açılacağı təqdirdə, bütün sərhəd xidməti yalnız Ermənistan sərhədçiləri tərəfindən həyata keçiriləcək:

"Kommunikasiyaların blokdan çıxarılması məsələsinə gəlincə, burada çox mühüm bir detal var və düşünürəm ki, bu detal bütün iştirakçı partnyorlar üçün aydındır. Sərhədlərə tam nəzarəti, sərhəd xidmətləri üzərində nəzarəti Ermənistan həyata keçirəcək. Yəni Ermənistan kontekstində blokdan çıxarılma o deməkdir ki, sərhəd xidmətini yalnız Ermənistan həyata keçirəcək”.

Buna da bax: Ermənistan və Qazaxıstan bankları Rusiya ödənişlərini bloklayırlar

Bu bəyanat çoxlarını təəccübləndirmişdi

Qriqoryanın bu bəyanatı bir çoxlarını təəccübləndirmişdi, çünki 2020-ci ilin 9 noyabr üçtərəfli bəyanatına görə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin həyata keçirilməsinin təhlükəsizliyini Rusiyanın Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir.

Qriqoryanın bəyanatından belə çıxırdı ki, Yerevan Rusiya FTX-nin xidmətindən imtina edir.

Zaxarova Rusiya XİN-də keçirdiyi brifinqdə habelə deyib ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarında Moskvanın ünvanına “hücumlar” olub:

“Regionda kommunikasiyaların bərpası mövzusuna gəlincə, bu məsələ Ermənistan, Azərbaycan və Rusiyanın baş nazir müavinləri tərəfindən predmetli şəkildə işlənib hazırlanır. Buna görə də kənardan verilən belə şərhlərə reaksiya göstərməyi düzgün saymıram”.

Buna da bax: Əliyev Ermənistanın 29.8 min kvadrat kilometrlik ərazisini tanıyırmı?

Üçtərəfli komissiyanın Moskva görüşü

Moskvada iyunun 2-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun iclası keçirilib.

Rusiya hökumətinin saytında dərc olunan məlumata görə, “görüş konstruktiv atmosferdə keçib”.

Bildirildiyinə görə, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Habelə vurğulanır ki, dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı “ümumi anlaşma” əldə olunub.

Açıqlamaya görə, danışıqların nəticələri barədə Azərbaycan , Ermənistan və Rusiya rəhbərlərinə məlumat veriləcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistandan Türkiyəyə gedən qatarları kim dayandırdı?- 30 il öncəki detallar açılır

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.