İyunun 20-də Moskvada güclü qasırğa zamanı azı iki nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.
Bu barədə məlumatı RIA Novosti agentliyi və “Ostorojno, Moskva” teleqram kanalı yayıblar.
Moskva İstintaq Komitəsinin məlumatına görə şəhərin şimalında yıxılan ağacın altında qalan 79 yaşlı kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
"Ostorojno, Moksva” yazır ki, bu hadisə Timiryazev parkının yaxınlığında baş verib.
RIA Novosti fövqəladə xidmətlərə istinadla bildirir ki, Moskvanın mərkəzində daha bir nəfər müvəqqəti tikinti qurğusunun aşması nəticəsində həlak olub.
Mash teleqram kanalı bildirir ki, bu hadisə Bauman adına texniki universitetin kimya laboratoriyasının qarşısında baş verib.
Məlumata görə həlak olan fəhlə tikinti qurğusunun üstündən yerə düşməyə macal tapmayıb.
112 teleqram kanalı məlumat verir ki, qasırğadan azı 14 Moskva sakini zərər çəkib.
Avtomobillərə, evlərin dam örtüklərinə və reklam lövhələrinə ciddi ziyan dəyib.
Baza teleqram kanalı xəbər verir ki, Moskva rayonlarından birində ağac, içində hamilə qadın olan avtomobilin üstünə düşüb.
Xilasedicilər qadını maşından çıxararaq xəstəxanaya çatdırıblar.
Şirokaya küçəsində ağac, içərisində iki yaşlı körpə olan uşaq arabasının üstünə düşüb. Beyin zədəsi almış uşağı xəstəxanaya yerləşdiriblər.
Moskva hakimiyyət orqanları bundan bir gün əvvəl paytaxt sakinlərinə evlərindən çıxmamaları üçün xəbərdarlıq etmişdi.
İyunun 20-də səhərdən Moskvadakı bütün parklar bağlıdır.