Ermənistan ordusunun keçmiş başçısına əlavə ittihamlar verilib

Movses Akopyan

Movses Akopyan

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyana yeni ittihamlar irəli sürülüb. O, baş nazir Nikol Paşinyanı 2020-ci il Qarabağ müharibəsini düzgün idarə etməməkdə suçlamışdı.

M.Akopyana ittihamlar 2016-cı ildə Rusiyadan, prokurorların dediyinə görə, "qüsurlu" hərbi avadanlıq almaqdan qaynaqlanır. İşi aparan prokuror Karen Karapetyan Ermənistan İctimai Televiziyasına deyib ki, 2017-ci ildə Ermənistan ordusuna mobil atəşə nəzarət sistemləri verilib. Onlar "qarşıya qoyulan tapşırıqları icra edə bilməyib, praktik şəraitdə taktiki və texniki xüsusiyyətlərinə uyğun gəlməyib". Karapetyanın sözlərinə görə, Akopyan və digər aparıcı generalın "səhlənkarlığı" dövlətə 4.3 milyard dram (11 milyon dollar) ziyan vurub.

Akopyan 2016-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. O, vəkili Muşeğ Aleksanyan vasitəsilə ittihamları rədd edib. Vəkil silah sazişinin onunla heç bir əlaqəsi olmadığını, ali qurum tərəfindən təsdiqləndiyini bildirib. Vəkil detallı danışmayıb.

Aleksanyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, müvəkkili iddianın müddətinin keçməsi məsələsini qaldıra bilərdi. Akopyan isə təqsirsizliyini məhkəmədə sübuta yetirmək qərarı verib.

Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gələndən az sonra Akopyanı vəzifədən uzaqlaşdırıb, sonradan onu baş hərbi müfəttiş təyin edib. General isə Ermənistan 2020-ci ildə Azərbaycanla müharibədə uduzandan sonra istefa verib. O, məğlubiyyətə Paşinyanın fəlakətli qərarlarının səbəb olduğunu iddia edib.

Akopyan 2020-ci ilin noyabrında ölkə rəhbərliyini silah alışına görə tənqid edib. Xüsusilə Rusiyadan "Su-30SM" qırıcılarını, ikinci əl havadan müdafiə sistemlərini göstərib, bunların müharibədə faydalı olmadığını deyib. Paşinyan ittihamları rədd edib.

60 yaşlı Akopyan 2021-ci ilin mayında dövlət sirlərini yaymaqda ittiham olunub. Bu məhkəmə hazırda qapalı keçirilir.

Bir neçə general da müxtəlif maddələrdə suçlanır, özləri ittihamları rədd ediblər. Onlar Ermənistanın məğlubiyyətinə görə Paşinyanı, o isə keçmiş liderləri ittiham edir.

2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.