MSK Mehman Hüseynovun şikayəti ilə bağlı qərar qəbul edib

Mehman Hüseynov, arxiv foto

Bələdiyyə seçkilərində namizədliyini irəli sürən bloqer Mehman Hüseynov Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, yanvarın 5-də keçirilən iclasında iştirak edib. Mehman Hüseynovun bildiridiyinə görə, onu iclasa dəvət ediblər.

MSK-dan dəvət gəldiyini bildirən bloqerin AzadliqRadiosuna dediyinə bu dəvət onun bələdiyyə seçkiləri ilə bağlı etdiyi şikayətlə bağlı olub:

“Mən iclasda qısa və konkret çıxış elədim. Bildirdim ki Azərbaycan xalqı sizi də tanıyır, məni də. Əlavə etdim ki, bu iclasa gəlməyə də bilərdim, amma gəldim ki, sizin gözünüzə baxım... ”

M.Hüseynovun sözlərinə görə, MSK qismən də olsa, şikayətini təmin edib:

“İki məntəqədə nəticələr ləğv olundu, həmin məntəqələrdə məntəqə seçki komissiyası buraxıldı. Amma bu qərar məni qane etmir. Bizim tələbimiz odur ki həmin bələdiyəyə seçkilərin yekun nəticələri ləğv olunsun və səslərin sayılması yenidən keçirilsin. Mən MSK-nin iclasında bildirdim ki, bir, iki məntəqənin nəticələrinin ləğv olunması, həmin məntəqələrin sədrlərinin cəzalandırılması mənə lazım deyil. Mən bu işin sonuna çıxacam”.

Mehman Hüseynovun bu açıqlamasına, hələlik, MSK-dan və onun qalib elan edilən rəqiblərindən münasibət almaq mümkün olmayıb.

Beləliklə, iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Mehman Hüseynovun iddiaçı olduğu Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.

M. Hüseynov bundan əvvəl bildirmişdi ki, bələdiyyə seçkiləri ilə bağlı onun şikayətinə 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyası (DSK) cavab verib.Şikayətində bir çox qanun pozuntularından bəhs edən bloqerin vurğulamasına görə, DSK-nın cavabında isə onun qeyd etdiyi pozuntuların təsdiqini tapmadığı iddia edilmişdi.

Mehman Hüseynov bu cavabla razılaşmadığını, prokurorluğa müraciət edəcyini açıqlamışdı.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.Bu Azərbaycanda keçirilən 5-ci bələdiyyə seçkiləri idi.