Müdafiə naziri  müşavirə keçirib 

Zakir Həsənov, arxiv foto

İyulun 19-da Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri cəlb olunub.

"Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyəti təhlil edən Müdafiə naziri gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib. ",məlumatda yazılıb.

Son həftələr istər Azərbaycan Ermənistan sərhəddində, istərsədə Qarabağ bölgəsində atəşkəsin pozulması ilə bağlı tez-tez məlumatlar yayılır.Buna görə, tərəflər qarşılıqlı olaraq bir-birlərini günahlandırırlar.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.