Müdafiə naziri Pakistanda görüşlərinə davam edib

Zakir Həsənov.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov martın 22-də Pakistanın Quru Qoşunları komandanı Qamar Caved Bacva ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

“Tərəflər qarşılıqlı səfərlərin təşkili, görüşlərin keçirilməsinin vacibliyini bildirərək müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bir daha qeyd ediblər”, nazirlik bildirir.

Azərbaycan müdafiə naziri Z.Həsənov martın 21-də Pakistana səfər edib.O bu səfər çərçivəsində bundan əvvəl Pakistan prezidenti Arif Alvi və müdafiə naziri Pervez Xattaq ilə görüşüb. Görüşlərdə iki ölkə arasında əsasən hərbi əməkdaşlıq məsələlər müzakirə edilib.