Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin keçmiş müdiri Rəhim Laçınov həbs edilib.
Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev iyulun 30-da “Turan”a bildirib ki, iş bu qurumun İstintaq idarəsində aparılır.
R.Laçınova qarşı Cinayət Məcəlləsinin 179.4-cü ( külli miqdarda mənimsəmə və ya israf etmə), 32.5, (Cinayətin törədilməsinə məsləhətləri,... ilə köməklik etmək) və 341.2.3-cü ( ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttihamlara, hələlik, Rəhim Laçınov və onun vəkillərindən münasibət öyrənmək mümkün olmayıb.
Bu ittihamlarla şəxsə 14 ilə qədər həbs cəzası verilə bilər.
Son illər Azərbaycanda Müdafiə Nazirliyinin maliyyə, habelə maddi-texniki təchizat sahələri ilə bağlı bir sıra vəzifəli şəxsləri mənimsəmə və başqa ittihamlarla həbs ediliblər. Bu günlər məhkəməsi gedən belə cinayət işlərinin birində 143 milyon manatlıq yeyinti iddasından bəhs edilir. Amma işdə təqsiriləndirilən şəxslər araşdırmaları düzgün saymır, özlərinin verilən tapşırıqları yerinə yetirdiklərini bildirirlər.