MN: 'Tərtər istiqamətində mövqələrimiz atəşə tutulub'

Azərbaycan əsgəri, 29 aprel 2016

Dağlıq Qarabağdakı ermənilər isə Azərbaycanın bəyanatını təkzib edib. Fevralın 6-da Qarabağda özünü “Müdafiə ordusu” adlandıran qurumun mətbuat xidməti Azərbaycanın Silahlı Qüvvələrini atəşkəs rejimini pozmaqda ittiham edib.

“Dağlıq Qarabağın müdafiə qurumu üçtərəfli atəşkəs razılaşmasına sadiq qaldığını bir daha təsdiqləyir, Azərbaycanı informasiya manipulyasiyasından çəkinməyə çağırır”, – bəyanatda vurğulanır.

***

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub."

Fevralın 6-da Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

"Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur. Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib"

Nazirlik bildirir ki, "təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib."

Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verildiyi vurğulanır.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. İmzalanan müqaviləyə əsasən Ermənistan silahlı birləşmələri noyabrın 20-də Ağdam, beş gün sonra Kəlbəcər rayonundan çıxarılıb.

Həmin dövrdən bəri Azərbaycan-və Ermənistanın sərhədlərinin Kəlbəcər rayonu istiqamətində tez-tez atəşkəs pozulub, hər iki tərəfdən itki və yaralılar olub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.