"Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib və ona müvəqqəti inzibatçını təyin olunub.
Mərkəzi Bank (AMB) bildirir ki, bununla bağlı qərarı bir gün əvvəl, oktyabrın 18-də İdarə Heyəti verib.
Qərar onun məcmu kapitalının banklar üçün müəyyən edilmiş minimum miqdardan - adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı, prudensial qaydada həyata keçirməməsi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edilib: "...Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur".
AMB əlavə edir ki, "Muğan Bank"ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1.4, kredit portfelində 2, sektorun öhdəliklərində isə cəmi 1.3 faiz təşkil edir: ""Muğan Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır".
"Muğan Bank" Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzvdür. Vurğulanır ki, əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək: "Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216.7 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99.9 faizinin əmanətləri kompensasiya olunacaq".
Rəsmi açıqlamaya "Muğan Bank" ASC-dən ayrılıqda münasibət almaq mümkün olmayıb.
"Muğan Bank" 1992-ci ildə yaradılıb. Hazırda onda sığortalanmayan əmanətin dəqiq məbləği açıqlanmayıb.
Xatırlatma
Bu, 2023-cu ildə Azərbaycanda lisenziyası ləğv edilən ilk bank deyil. Bundan əvvəl, mayın 17-də Mərkəzi Bank "Günay Bank"ın bağlanması barədə qərar qəbul etmişdi.
Səbəb kimi də eyni amil-məcmu kapitalın azlığı göstərilmişdi.
Dünyada 2014-2015-ci illərdə neftin kəskin ucuzlaşmasından bəri Azərbaycanda təqribən 20-dən çox bank ləğv edilib. Həmin banklarda sığortalanmayan əmanətlərin indiyə kimi yalnız cüzi hissəsinin qaytarıldığı bildirilir.