Oktyabrın 26-da özünü Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs Bakının Ziya Bünyadov prospektində yolu bağlamağa cəhd edib.
"Başqa dolanışıq yerimiz yoxdur"
Onların sözlərinə görə, Ziya Bünyadov prospektində "Ceramik Plaza" tərəfdə yerləşən kiçik bazar gecə ilə sökülüb: ""Azərenerji" ASC işçiləri gecə gəlib təmir adı ilə Birinci və İkinci Qarabağ müharibəsinin 34 iştirakçısı tərəfindən icarəyə götürülmüş obyektləri söküblər. Biz bu obyektlərə görə pul da ödəmişdik. Başqa dolanışıq yerimiz yoxdur".
Aksiya iştirakçılarının vurğulamalarına görə, bu onların çörəklərinin əllərindən alınması deməkdir.
"Azərenerji"dən cavab
"Azərenerji" ASC-dən "Turan"a bildirilib ki, qeyd edilən ərazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq yüksək gərginlikli hava xəttinin mühafizə zonasıdır: "Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən, yüksək gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Ərazi qanunsuz ticarət obyektlərindən boşaldılıb"
Qurumdan vurğulanıb ki, orada müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb: "Ərazi ötən illərdə bir sıra aidiyyəti qurumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilib. Bu səbəbdən xətlərdə baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaranıb. Cari ilin sentyabr ayının əvvəllərində xətlərə təxirəsalınmaz texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılıb".
Qeyd olunub ki, bir neçə gün əvvəl Qarabağ müharibəsində əlil olduğunu deyən, əvvəllər tanımadıqları bir neçə şəxs qapalı ərazinin darvazasını sındırıb, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlayıblar: "Qanunsuz hərəkətlərinin dayandırılması ilə əlaqədar əməkdaşlarımızın dəfələrlə xahişlərinə məhəl qoyulmayıb, işlər davam etdirilib".
DİN-in mövqeyi
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən isə agentliyə bildirilib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: "Ərazidə xidmət aparan naryad qruplarımız dərhal hadisəyə müdaxilə edib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub. Hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır və aidiyyəti qurumlar məlumatlandırılıb."