Rusiya Federasiyasının Murmansk vilayətinin qubernatoru Andrey Çibisə aprelin 4-ü axşam saatlarında Apatiti şəhərində hücum edilib. Naməlum şəxsin qubernatoru bıçaqlayaraq yaraladığı bildirilir.
"İnterfaks"ın həmsöhbəti əlavə edib ki, hücumdan sonra Çibis təkbaşına özü maşına tərəf gedib və Apatitı-Kirov Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, naməlum şəxs qubernatora şəhər mədəniyyət mərkəzində yerli sakinlərlə görüşünü bitirdikdən sonra hücum edib.
Çibis qarnından bıçaqlanıb.
"RİA Novosti" xəstəxananın baş həkimi Yuri Şiryayevə istinadən xəbər verir ki, qubernatorun vəziyyəti ağırdır, reanimasiyadadır, əməliyyat olunub.
Hücum edən şəxsin dərhal saxlandığı qeyd edilir. Saxlananın 42 yaşlı Apatiti şəhər sakini olduğu üzə çıxıb. Bəzi məlumatlara görə, hücum edən şəxsi Rosqvardiyanın əməkdaşı odlu silahla yaralayıb.
A.Çibisin siyasi karyerası 2004-cü ildə başlayıb. Ryazan vilayətinin qubernatorunun müşaviri, sonra isə Çuvaşiya Prezident Administrasiyasının ekspert şöbəsinin müdiri olub.
2019-cu ilin martında prezident Vladimir Putinin fərmanı ilə Çibis Murmansk vilayətinin qubernatoru vəzifəsini icra edib. 2019-cu ilin sentyabrında 60 faiz səslə qubernator seçkilərinin birinci turundan qalib çıxıb. Onun səlahiyyət müddəti 2024-cü ilin sentyabrında başa çatmalıdır.