Qohumları 'müsavatçı olduğuna görə' işdən çıxarıldılar

Müsavat Partiyasının mitinqi. 2016

«Himayəmizdə 4 əlil var. Qızım, həyat yoldaşı və iki nəvəm lal-kardır. Cüzi pensiyaları və bizim köməyimizlə dolanırlar. Tutub işdən atıblar çölə, nə edəcəyimizi bilmirik».

Laçın köçkünü Məruzə Əmiraslanova və həyat yoldaşı Qüvvət Kazımov işsiz qalıb. İddialarına görə, səbəb ailə üzvlərinin müsavatçı olmasıdır.

«QIZIMIN HƏYAT YOLDAŞI MÜSAVATÇIDIR»

Məruzə xanım yazır ki, həyat yoldaşı Q.Kazımov 22 il Xocalı 3 saylı orta məktəbin direktoru vəzifəsində işləyib. 3 il əvvəl yaş həddinə görə direktor vəzifəsindən kənarlaşdırılaraq həmin məktəbdə işini tarix müəllimi kimi davam etdirib. Lakin bu yaxınlarda həm özü, həm də həyat yoldaşı eyni gündə işsiz qalıb:

***Buna da bax-Cəbhəçi poçtalyon: 'Məni çoxdan işdən çıxarmaq istəyirdilər...'

«Özüm də həmin məktəbdə uzun illər idi ki, müəllimə işləyirdim. Məktəbin hazırkı direktoru məni 65 yaşım tamam olmamış işdən çıxartdı. Himayəmizdə 4 əlil var. Qızım, həyat yoldaşı və iki övladı lal - kardır. Onlar cüzi pensiyaları və bizim köməyimizlə yaşayırlar. Məktəbdə 70 yaşlı müəllimlər işlədiyi halda, məni 65 yaşım tamam olmamış çölə atdılar. Hər ikimizin əmək qabiliyyətimiz var. İşdən çıxarılmağımızın səbəbi odur ki, qızım Günayın həyat yoldaşı və ailə üzvləri müsavatçıdır».

Keçmiş müəllimə yazır k, məktəbin direktoru əmək qabiliyyəti, nüfuzu, təhsildə xidmətlərinə baxmayaraq, onları işdən çıxarıb və çalışdıqları ştata vakant iş yeri elan edib:

«Qısa müddətdə yerimizə bu məktəbdə əməyi olmayan, başqa məktəbin müəllimləri yerləşdirildi. Ölkənin təhsilində əməyi olan müəllimləri – eyni ailə üzvlərini eyni gündə işsiz qoymaq insafdandırmı? Üstəlik də, qeyd etdiyim kimi, 4 nəfərdən ibarət əlil ailəyə baxırıq. Dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişik, məktublarımız cavabsız qalıb».

***Buna da bax- 'Dəfələrlə 'ya AXCP, ya iş' seçimi önündə qalmışam' - dosent

Keçmiş müəllimlər təhsil nazirindən işə bərpa olmaq üçün kömək istəyirlər.

SİYASİ SƏBƏB RƏDD EDİLİR

Xocalı Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, müəllimlərin əmək fəaliyyətinin müddətinin uzadılması məktəb direktorunun səlahiyyətindədir.

3 saylı Xocalı orta məktəbindən isə Əmiraslanovların işdən çıxarılmasında siyasi məqsəd olduğu təkzib edilib.

Hüquqşünas Namizəd Səfərov deyir, yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir:

«Həmin əmrə uyğun olaraq, Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. Amma 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda qalma müddəti uyğun icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddət ən çox 5 ilə qədər uzadıla bilər».