Müsavat Partiyası sentyabr ayında mitinq keçirməyi planlaşdırır.
Bunu AzadlıqRadiosuna partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
G.Aslanlının deməsinə görə, artıq bununla bağlı Mitinq Komitəsi də yaradılıb: «Aksiyanın vaxtı, hələ ki, müəyyən edilməyib. Komitənin iclasında bu tarixin müəyyən edilməsi nəzərdə tutulur».
G.Aslanlı aksiyanın Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendumla bağlı planlaşdırıldığını deyib.
Avqustun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının referendum ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən (40 min) az olması ilə əsaslandırıb. MSK-nın gəldiyi qənaətə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.
Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.