Müsavatçının oğlu polisə çağırılıb

Polis

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun polisə aparıldığı bildirilir.

Bu barədə partiyanın mətbuat xidmətindən "Turan"a deyilib.

S.Əmrahovun evində axtarış aparıldığı qeyd olunur: "O, evdə olmayanda polis əməkdaşları evində qeyri-qanuni axtarış aparıblar. Söhrab bəyin həyat yoldaşı diş texniki olan oğlu Bəxtiyarın həyətdə yaratdığı iş otağından polis əməkdaşının çıxdığını görüb və bu barədə Söhrab bəyə bildirib. Bəxtiyar Əmrahovun özünü isə polis şöbəsinə aparıblar".

Partiyadan əlavə olunub ki, bir müddət sonra B.Əmrahov polis şöbəsindən buraxılsa da, ona yenidən saat 15:00-da polisə gəlmək tapşırılıb.

Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, S.Əmrahovun oğlu B.Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. "İyulun 30-da rayon sakini tərəfindən Xaçmaz rayon polis şöbəsinə diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub. Şikayətçi bildirib ki, 3 il əvvəl stomatoloji xidmətlər üçün Bəxtiyar Əmrahov ondan 500 manat pul almasına baxmayaraq, heç bir müalicə işi aparmayıb", – nazirlikdən deyilib.

Qurumdan qeyd olunub ki, həmin şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb.